Azərbaycan, Bakı, 31 mart /Trend/
Cənubi Koreyada 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım mərasimi keçirilib.
Azərbaycanın Koreyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin təşəbbüsü və təşkilatçılığı, Koreya Xarici Dillər Universiteti (KXDU) və Koreyanın "Mannam" sülhməramlı könüllülər assosiasiyasının təşkilati dəstəyi ilə baş tutan tədbirdə Koreyada təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, KXDU-nun prorektoru Kim İn Çeol, universitetin professor və tələbə heyəti, Koreyanın bir sıra yerli elm və qeyri-hökumət qurumlarının nümayəndələri, yerli KİV nümayəndələri iştirak ediblər.
Səfir Rövşən Cəmşidov 31 Mart Azərbaycanlıların Soyqırımı Günü, eləcə də Xocalı Soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib.
Cəmşidov təşkil edilmiş tədbirin təkcə anım mərasimi deyil, gənc nəsillərin xalqın tarixi keçmişini unutmamasına xidmət edən tədbir olduğunu vurğulayıb, çıxışının sonunda Azərbaycan və Koreyanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.
Bir dəqiqəlik sükutdan sonra KXDU-nın xarici əlaqələr üzrə prorektoru, professor Kim İn Çeol və "Mannam" təşkilatının fəxri sədri Kim Man Hi çıxış edərək, Azərbaycanın ağrısına şərik olduqlarını qeyd ediblər və dünya ictimaiyyəti tərəfindən 31 Mart azərbaycanlıların soyqırımı kimi hadisələrə layiqli qiymət verilərək, bu kimi qeyri-insani hərəkətlərin bir daha baş verməməsi üçün lazımi səylər göstərilməsinin vacibliyini bildiriblər.
Daha sonra "Dua" filmi tədbir iştirakçılarına nümayiş etdirilib və Xocalı soyqırımı və "Xocalıya Ədalət" kampaniyasına aid foto sərgiyə, eləcə də "Xocalı Soyqırımı uşaqların gözü ilə" rəsm sərgisinə baxış keçirilib.
Tədbirdə Xocalıda törədilmiş qırğının insanlığa qarşı cinayət kimi tanınması üçün dünya liderlərinə ünvanlanan müraciət mərasim iştirakçıları tərəfindən imzalanıb.
Tədbir iştirakçılarına azərbaycanlıların soyqırımı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında səfirlik tərəfindən Koreya dilinə tərcümə etdirilmiş kitab və bukletlər də təqdim olunub.