Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir M.Əliyev/
Kaliforniyanın Klermont Universitetində (Claremont University) beynəlxalq festival keçirilib. Qədim tarixi olan bu festival 33 ildən artıqdır ki, ənənəvi olaraq keçirilir və bu il ilk dəfə olaraq azərbaycanlı tələbələr də bu festivala qatılıblar.
Azərbaycanın Los-Anceles şəhərindəkı Baş konsulluğundan cümə axşamı Trend-ə verilən məlumata görə, festivalda 40-dan çox ölkənin milli yeməkləri, əl işləri, musiqi və digər adət ənənələri nümayiş etdirilib. Hazırda həmin universitetdə doktorantura pilləsində ilk dəfə iki azərbaycanlı tələbə - Rəna Salayeva və Qalib Rüstəmov təhsil alır.
Builki festivalda ilk dəfə olaraq azərbaycanlı tələbələrin iştirakı ilə ölkənin stendi qurulmuşdur. Stendə Azərbaycanın gözəl guşələrini əks etdirən şəkillər, milli mətbəx nümunələri, Azərbaycan Respublikasının Los-Anceles şəhərindəki Baş konsulluğu tərəfindən çap etdirilən broşürlər nümayiş olunub.
Azərbaycanlı tələbələrin hazırladığı milli yeməklər festivala təşrif buyurmuş ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycana aid stendin önündə milli mətbəx təamlarını dadmaq üçün düzülənlər böyük növbə əmələ gətiriblər.