Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda, təəssüf ki, radikal müxalifət mövcuddur və bu gün bu müxalifət coğrafi məkanı səhv salıb. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.
"Azərbaycanda radikal müxalifət yenidən ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərir. Bu sifarişlərin haradan qaynaqlandığı bizə məlumdur. Radikal müxalifət bilməlidir ki, Azərbaycanda hüquqi-dünyəvi dövlət qurulub, bütün ictimai-siyasi proseslər qanunla tənzimlənir, əgər hər hansı aksiyanın keçirilməsinə icazə verilmirsə, həmin qanunsuz aksiyanın qarşısı qətiyyətlə alınacaq", - Qaralov deyib.
2 aprel aksiyasına gəldikdə isə, Qaralov deyib ki, bu aksiya zorakılıq və vətəndaşların əmlakının dağıdılması ilə müşayiət edilib, aksiyanın təşkilatçı və iştirakçılarından 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
"Fəal ictimai-siyasi sabitliyi pozan şəxslər müəyyən edilməlidir. Təşkilatçılar haqqında məsələyə istənilən vaxt baxıla bilər. Əli Kərimli qanuna hörmətlə yanaşmalı, gəncələri qanunsuzluğa, itaətsizliyə, zorakılığa sövq etdirməməlidir. Onun kimin sifarişini yerinə yetirdiyi bizə məlumdur", - Qaralov deyib.