...

Bakı polisi icazəsiz aksiyaya cəhd zamanı azyaşlı uşağın saxlanılması məsələsinə aydınlıq gətirib

Siyasət Materials 20 Aprel 2011 13:48 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsi aprelin 17-də İctimai Palatanın keçirməyə cəhd göstərdiyi icazəsiz aksiyada azyaşlı uşağın saxlanılması və barəsində cəza tədbiri görülməsi barədə məlumatı təkzib edir.
Bakı polisi icazəsiz aksiyaya cəhd zamanı azyaşlı uşağın saxlanılması məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər Baş Polis İdarəsi aprelin 17-də İctimai Palatanın keçirməyə cəhd göstərdiyi icazəsiz aksiyada azyaşlı uşağın saxlanılması və barəsində cəza tədbiri görülməsi barədə məlumatı təkzib edir.

İdarənin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumatda bildirilir ki, icazəsiz aksiyaya cəhdin qarşısı alındıqdan sonra bəzi mətbuat orqanlarında aksiya zamanı vətəndaş Quluzadə Gülnarə Çingiz qızının azyaşlı qızı ilə birlikdə polis orqanları tərəfindən saxlanılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

"Əslində polis əməkdaşları Gülnarə Quluzadənin və onun azyaşlı qızının təhlükəsizliyini təmin etmək məqsədilə onları qanunsuz aksiya keçirilən ərazidən uzaqlaşdıraraq sərbəst buraxıb. Onlar hər hansı polis idarəsinə aparılmayıb və barələrində heç bir cəza tədbiri görülməyib", - məlumatda vurğulanır.

Məlumatda qeyd olunur ki, İctimai Palata adlanan quruma daxil olan radikal müxalifət partiyaları aprelin 17-də ümumi sayı təxminən 150 nəfərədək olan bir neçə qrupla paytaxtın "Sahil bağı"nda qanunsuz aksiya keçirməyə cəhd göstəriblər.

Polis əvvəlcədən xəbərdarlıq edildiyi kimi, qanunsuz aksiyanın qarşısını alıb. Bu zaman ictimai asayişi pozmağa cəhd edən 65 aksiyaçı saxlanılıb. Onlardan 25 nəfərinə hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edilib və onlar sərbəst buraxılıblar, 40 nəfər barəsində isə qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün sənədləri aidiyyəti məhkəmələrə göndərilib.

Xəbər lenti

Xəbər lenti