...

Çexiya Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 10 May 2011 14:19 (UTC +04:00)
Çexiya Prezidenti Vaslav Klaus mayın 16-da dördgünlük səfərlə Azərbaycana gələcək.
Çexiya Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir A.Qasımova/

Çexiya Prezidenti Vaslav Klaus mayın 16-da dördgünlük səfərlə Azərbaycana gələcək.

Səfər 2009-cu ilin mayında prezidentlərin Praqada "Şərq tərəfdaşlığı"nın birinci sammitindəki görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutur.

Səfər zamanı Vaslav Klausun Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə və digər siyasətçilərlə görüşü planlaşdırılıb. Trend-in məlumatına görə, bu barədə Çexiyanın STK xəbər agentliyi məlumat verir.

Bakıya səfər çərçivəsində biznes-forumun keçiriləcəyi gözlənilir.

Çexiya Prezidentini səfər zamanı hökumət nümayəndə heyətilə yanaşı bu forumda iştirak edəcək iş adamalrından ibarət nümayəndə heyəti də müşayiət edəcək.

Azərbaycanla Çexiya arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Çexiya Respublikasının Bakıda səfirliyi 2009-cu ilin dekabrından fəaliyyət göstərir. İki il əvvəl Azərbaycanın Praqdakı səfirliyi fəaliyyətə başlayıb.

Çexiya Respublikası ilə Azərbaycanın əlaqələri iqtisadiyyatdan mədəniyyət sahəsində dialoqa qədər bir çox sahələrdə inkişaf edir.

İkitərəfli münasibətlərin aktivləşdirilməsində Çexiya Respublikası rəsmi şəxslərinin son üç il ərzində Azərbaycana səfərləri mühüm rol oynayır. Çexiyanın yüksəkrütbəli nümayəndələrindən 2008-ci ildə XİN başçısı Karl Şvarsenberq, Baş nazir Mirek Topolanek, Senatın sədri Prşemısl Sobotka, maliyyə naziri Eduard Yanota və müdafiə naziri Martin Bartak 2009-cu ildə Bakıda olub.

2009-cu ildə Çexiya Respublikasına Azərbaycan Prezidenti İlham Əliyev ("Şərq tərəfdaşlığı" sammiti çərçivəsində) və maliyyə naziri Samir Şərifov, bir il əvvəl isə XİN başçısı Elmar Məmmədyarov səfər edib.

Azərbaycan Cənubi Qafqazda Çexiyanın ən iri ticarət tərəfdaşıdır.

İldən-ilə artan mal dövriyyəsi 2010-cu il ərzində 38 milyon dollar təşkil edib. Çex mallarının idxalının payına 37,78 milyon dollar, Azərbaycan mallarının Çexiyaya ixracının payına isə 0,23 milyon dollar düşür.

Azərbaycana ixrac olunan əsas çex malları arasında tikinti və yük maşınları, inşaat elementləri, körpülərin inşası üçün elementlər, çap maşınları, dərmanlar, kosmetik vasitələr, yuyucu vasitələr, şüşə məmulatlar var.

Azərbaycandan idxal olunan əsas çex malları: neft, pambıq və meşə fındığıdır. Çexiya Azərbaycandan idxal olunan neftin hesabına ölkənin neftə olan tələbatının 20 faizini təmin edir.

Xəbər lenti

Xəbər lenti