Rusiya, Həştərxan, 19 may /Trend, xüsusi müxbir V.Tükayev/
Həştərxanda regionlararası foruma gələn Azərbaycan və Rusiyanın nümayəndə heyəti şəhər kanalının sahilində salınan Heydər Əliyev adına bağın açılış mərasimində iştirak ediblər. Ötən il burada ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb.
Bağın açılış mərasimində Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov RF Prezidenti Administrasiyasının Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Sergey Vinokurov, Həştərxan qubernatoru Aleksandr Jilkin və Həştərxan meri Sergey Bojenov iştirak ediblər. Bu barədə Trend-in xüsusi müxbiri məlumat verir.
Bağın açılışından sonra ali qonaqlar kanalın sahillərini birləşdirən Rusiya və Azərbaycan Dostluğu körpüsünün bünövrəsinə xatirə kapsulu buraxıblar. Kapsulun buraxılması mərasimində Əli Həsənov bəyan edib ki, hazırda Heydər Əliyev Fondu Həştərxandakı 11 saylı orta məktəbin yenidən qurulması işlərinə başlayıb və təmirdən sonra bu məktəbə kömək göstərəcək.
Cümə axşamı Həştərxanda "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" II Rusiya-Azərbaycan regionlararası forumu açılıb. Forum Azərbaycan və Rusiya prezidentləri administrasiyalarının dəstəyi ilə "Avrasiya Araşdırmaları İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil olunub. Forumun işində iki ölkənin mərkəzi və regional hakimiyyət orqanlarının, işgüzar dairələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Azərbaycanı forumda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Həmçinin, nümayəndə heyətinə Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, hökumət üzvləri, Azərbaycan deputatları, respublikanın bir sıra rayonlarının icra hakimiyəti başçıları, sahibkarlar daxildirlər.
Forumun açılışında iştirakçılara Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedevin təbrik məktubları oxunub.