Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə fərman imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Fərmanda qeyd edilir ki, 2011-ci il 7-9 aprel tarixlərində Azərbaycan Respublikasında 102 dövlətin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Mədəniyyətlərarası dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən müasir cəmiyyətlərdə ayrı-ayrı aspektlərinin nəzərdən keçirilməsi və yerli, regional və qlobal səviyyələrdə gücləndirilməsinə təşviq edilməsi Forumun əsas məqsədi olub.
Ölkəmizin İslam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanın təsis edilməsi və Azərbaycan xalqının tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması məqsədi ilə Azərbaycan Respublikasında 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil ediləcək.
Fərmana əsasən, Forumun təşkilində əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.