Azərbaycan, Bakı, 28 may /Trend/
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton azərbaycanlı jurnalist Eynulla Fətullayevin həbsdən azad olunmasını alqışlayıb.
"Azərbaycanlı jurnalist və redaktor Eynulla Fətullayevin həbsdən azad olunmasını alqışlayıram. Bu, Azərbaycan hakimiyyətinin İnsan Haqları üzrə Avropa Məhkəməsinin Fətullayevin xeyrinə ötənilki qərarından sonra atdığı mühüm addımdır. Azərbaycan hakimiyyətini demokratiyanın və qanunun aliliyinin gələcək möhkəmləndirilməsi üzrə səylərini davam etdirməyə, eləcə də demokratiya və insan haqları ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıram", - Trend-in məlumatına görə, Eştonun Avropa İttifaqının rəsmi saytında dərc edilən bəyanatında deyilir.
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı həbsdə olan bir neçə şəxsin əfv edilməsi haqqında sərəncam imzalayıb. Əfv olunanlar arasında "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin keçmiş baş redaktoru Eynulla Fətullayev də var.