...

Azərbaycanda brilyant qaçaqmalçılığının qarşısı alınıb

Siyasət Materials 23 İyun 2011 15:28 (UTC +04:00)
Azərbaycan milli təhlükəsizlik orqanlarının əməkdaşları brilyant qaçaqmalçılığının qarşısını alıb.
Azərbaycanda brilyant qaçaqmalçılığının qarşısı alınıb

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan milli təhlükəsizlik orqanlarının əməkdaşları brilyant qaçaqmalçılığının qarşısını alıb.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai əlaqələr mərkəzindən Trend-ə verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində dövlətin qanunla qorunan hüquq və mənafelərinə ziyan vurulmasının qarşısı alınmış, qaçaqmalçılıq yolu ilə gizli şəkildə 141,14 karat brilyant daşları Azərbaycana gətirmiş şəxs cinayət başında yaxalanmışdır.

Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Fərəcov Mayis Şahverdi oğlu və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda brilyant daşları Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində alınmasını və qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Azərbaycana gətirilməsini təşkil etmişlər.

Müəyyən olunmuşdur ki, Mayis Fərəcov 2011-ci il iyunun 11-də Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Dubay şəhərinə getmiş və orada həmin brilyant daşları alaraq şampun qabının içərisində gizlətmişdir. 2011-ci il iyunun 15-də Mayis Fərəcov təyyarə ilə Bakıya qayıtmış və əldə etdiyi brilyant daşları hava limanının gömrük məntəqəsindən qaçaq yolla gizli keçirmişdir.

Mayis Fərəcov Azərbaycan Respublikasının gömrük sərhədini keçdikdən sonra Hava Limanının avtomobil dayanacağında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yaxalanmışdır. Mayis Fərəcovun üzərinə hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı onun əlində olan sellofan paketdəki şampun qabının içərisində gizlətdiyi ümumi çəkisi 141,14 karat, qiyməti 43 min 240 manat dəyərində olan brilyant daşlar aşkar edilərək götürülmüşdür.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılmış, Mayis Fərəcov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti