...

Azərbaycan Prezidenti BMT-yə üzv olan bir sıra dövlətlərin bu təşkilatdakı daimi nümayəndələrini qəbul edib

Siyasət Materials 6 İyul 2011 18:59 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Birləşmiş Millətlər Təşkilatına üzv olan bir sıra dövlətlərin bu təşkilatdakı daimi nümayəndələrini qəbul edib.
Azərbaycan Prezidenti BMT-yə üzv olan bir sıra dövlətlərin bu təşkilatdakı daimi nümayəndələrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Birləşmiş Millətlər Təşkilatına üzv olan bir sıra dövlətlərin bu təşkilatdakı daimi nümayəndələrini qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Prezident İlham Əliyev bu səfərin nümayəndə heyətinin üzvləri üçün ölkəmizi daha yaxından tanımaq və eyni zamanda, ikitərəfli əlaqələrin genişlənməsinə kömək göstərmək baxımından əhəmiyyətindən danışdı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanın BMT-də təmsil olunan ölkələrlə yaxşı əlaqələri vardır.

Qonaqların təmsil etdikləri ölkələrlə Azərbaycanın siyasi əlaqələrinin yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev həmin ölkələrlə gələcəkdə iqtisadi əlaqələrin genişləndirilməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın hazırda sürətlə inkişaf edən ölkə olduğunu və qarşılıqlı sərmayələrin qoyuluşunun müsbət nəticə verə biləcəyini vurğuladı və dedi ki, Azərbaycanın güclü iqtisadi potensialı mövcuddur, müxtəlif qitələrdə nəhəng sərmayə qoymaq imkanları var və nümayəndə heyətinin səfəri zamanı bu imkanların nəzərdən keçirilməsi mümkündür. Prezident İlham Əliyev Azərbaycanın bölgələrindən birinə də səfər etmələrinin nümayəndə heyətində ölkəmiz haqqında yaxşı təəssürat yaratmağa kömək edəcəyinə əminliyini ifadə etdi.

Nümayəndə heyəti adından danışan Qambiyanın BMT yanında daimi nümayəndəsi xanım Süzan Vaffa-Oqu bildirdi ki, ölkəmizə səfərlərindən məmnundurlar. Qəbula görə Prezident İlham Əliyevə təşəkkür edən qonaq Azərabaycanın BMT-dəki daimi nümayəndəliyinin fəaliyyətini də yüksək qiymətləndirdi. "Azərbaycan haqqında kənardan məlumat almaq mümkündür. Lakin səfər zamanı biz Azərbaycan haqqında birbaşa daha dolğun məlumat əldə edə biləcəyik", - deyən BMT təmsilçisi səfərlərinin müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

Prezident İlham Əliyev bildirdi ki, ikitərəfli əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılmalıdır. "Bunun üçün bizim siyasi əlaqələrimiz var", - deyən dövlətimizin başçısı vurğuladı ki, ikitərəfli əlaqələr iqtisadi sahədə də genişlənməlidir. Azərbaycanın bu sahədə çox işlər görə biləcəyini diqqətə çatdıran dövlətimizin başçısı bildirdi ki, ölkəmiz daim sərmayə qoymaq imkanlarından daha səmərəli istifadə etmək axtarışındadır. Prezident İlham Əliyev əlaqələrin beynəlxalq formatda genişləndirilməsi zərurətindən də danışdı. Dövlətimizin başçısı nümayəndə heyətinin üzvlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verdi. Qeyd etdi ki, erməni işğalçılarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları barədə BMT Təhlükəsizlik Şurası, Baş Məclisi və digər beynəlxalq təşkilatların qətnamə və qərarları vardır. Bu sənədlərin kağız üzərində qalmasından təəssüf hissi keçirdiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, birgə çalışaraq elə bir mexanizm yaradılmalıdır ki, bu cür qərarlar icra edilsin. Dövlətimizin başçısı dedi ki, ölkələr bir-birinin problemlərinə həssas yanaşmalı və kömək etməlidir. Azərbaycanın açıq ölkə olduğunu deyən Prezident İlham Əliyev BMT-dəki nümayəndəliyimizin xalqlar və ölkələr arasında əlaqələrin daha yaxşı qurulması üçün fəal iş gördüyünü söylədi.

Azərbaycan Prezidenti nümayəndə heyətinin üzvlərinə təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına salamlarını çatdırmağı xahiş etdi və onları münasib bildikləri vaxtda Azərbaycana səfərə dəvət etdi.

Xəbər lenti

Xəbər lenti