...

Azərbaycan Prezidenti Administrasiyası: İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinın bəyanatı heç bir çərçivəyə sığmır

Siyasət Materials 11 Avqust 2011 16:36 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan Respublikası rəhbərliyinin və xalqının ünvanına söylədiyi yersiz fikirlərdən təəssüflənir
Azərbaycan Prezidenti Administrasiyası: İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinın bəyanatı heç bir çərçivəyə sığmır

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan Respublikası rəhbərliyinin və xalqının ünvanına söylədiyi yersiz fikirlərdən təəssüflənir.

"Təəssüf və təəccüblə, həmçinin ürək ağrısı ilə bu cür hadisələrə münasibət bildirmək lazım gəlir. Azərbaycan İran İslam Respublikası ilə münasibətlərini həmişə mehriban qonşuluq, dostluq və faydalı əməkdaşlıq prinsiplərinə sadiq olaraq qurur və inkişaf etdirir. Lakin İran İslam Respublikası rəhbərlərinin Azərbaycan Prezidenti ilə görüşləri zamanı verdikləri bəyanatların əksinə olaraq, bu ölkədə bəzi dairələr, görünür, həm İranın, həm də Azərbaycanın maraqlarına zidd olan siyasət yürütməklə öz məkrli mövqelərini açıq-aşkar ortaya qoyurlar. Gah hansısa şəhərin molla-cüməsi tarixi təftiş edərək təhrif edir, gah hansısa hərbiçi öz peşə sahəsi ilə məşğul olmaq əvəzinə, üzməyi bacarmasa da, siyasət gölünə baş vurur. Bu cür hallar normaya çevrilməyə başlayıb", - cümə axşamı Trend-ə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, bunlarla bərabər, son vaxtlar İran İslam Respublikasının kütləvi informasiya vasitələrinin böyük bir qrupu bütün fəaliyyətini Azərbaycan əleyhinə təbliğat aparmağa həsr edir. Bu azmış kimi yenilərini də yaradırlar.

"Təəssüf ki, bütün faktorları nəzərə alsaq, iki ölkənin rəhbərlərinin bəyan etdikləri kimi dostluq əlaqələrinin alternativinin olmamasını, deyəsən, İran İslam Respublikasında bəziləri heç başa düşmək istəmirlər. Bu baxımdan İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Seyid Həsən Firuzabadinin iki gün əvvəlki bəyanatı xarakterinə və niyyətinə görə heç bir çərçivəyə sığmır. Sual verilə bilər, cənab general, əgər siyasi prosesləri belə dərindən bilirsinizsə və onlarla çox maraqlanırsınızsa, bir özünüzə fikir verib, diaqnoz qoyun. Qoy sizin fikirlərinizdən nəticə çıxarılsın. Yox əgər siz hərbiçi tonu ilə göstəriş vasitəsilə qonşu və dost dövlətin daxili siyasətinə müdaxilə etmək və tövsiyə verməklə özünüzü müctəhid və ya ayətulla səviyyəsində görmək istəyirsinizsə, bu, çox gülməli görünür. Daha bir fikir ondan ibarətdir ki, general İran İslam Respublikasının daxilindəki prosesləri yaxşı bildiyi üçün bəlkə də siyasi hakimiyyətə keçmək iddiasına düşüb. Amma bu, bizə maraqlı deyil, bu, onun öz işidir", - PA rəsmisi deyib.

Onun sözlərinə görə, bir şey tamamilə aydındır: belə yüksək rütbəli və vəzifəli general gərək tarixi, siyasəti, təbabəti və bir də etikanı yaxşı bilsin.

"Yoxsa kimin damarlarında kimin qanı axır, kimin qəlbi hansı hislərlə döyünür və kimin axırı necə olacaq deyə falçılığa aludə olan general bu yolla uzağa gedə bilməz. Yəqin başa düşür ki, falçılığı İslam dini qəbul etmir və İranda falçılıq çox təhlükəli hesab edilir", - Məmmədov əlavə edib.

Novruz Məmmədovun bəyənatını onun Twitter sosial şəbəkəsindəki şəxsi səhifəsində - www.twitter.com/NovruzMammadov ünvanında da izləmək mümkündür.

Xəbər lenti

Xəbər lenti