Azərbaycan, Bakı, 19 avqust /xüsusi olaraq Trend Life üçün Elçin Hüseynov /
Belarusa səyahət zamanı biz ölkədəki üç diqqətəlayiq yerdən biri olan və YUNESKO-nun Ümumdünya irs siyahısına salınan Nesvijsk qəsrinə səfər etdik. Trend Life xəbər verir.
Nesvijsk qəsrinin çox maraqlı eksponatlarından biri kitabxanadakı orta əsrlər dünyasının qlobusudur. Dövlət sərhədlərinin ümumi şəklinə əsaslanaraq xəritəni XVI əsrin sonlarına aid edirlər. Qəsrin işçilərinin dediyi kimi, qlobus qüdrətli Radzivil maqnatları ailəsinin xəritəsi əsasında tərtib olunub. Təbii ki, bu xəritə bizi maraqlandırdı və biz orada Qafqaz regionunu axtarmağa başladıq. Xəritədə Tbilisi və Yerevan yox idi. Lakin Bakı (Backu) var idi. Xəritədə Raf və Zabran, eləcə də Tauris və Həştərxan (Astracan) şəhərləri Bakıya yaxın şəhərlər kimi göstərilirdi.
Xəritə xeyli maraq doğurduğundan, qlobusun bir neçə şəklini çəkməyi qərara aldıq.
Fotoşəkillərdə siz özünüz də onlara baxa bilərsiniz.
Nesvij Minsk vilayətində Minskdən 112 kilometr cənub-qərbdə yerləşir. Nesvijsk qəsri 1583-cü ildə Radzivil Sirotka tərəfindən tikilib. XVI-XIX əsrlərdə Radzivil knyazlarının iqamətgahı olub. Qəsrin əsas arxitektoru italyan Bernardoni olub. O dövrün layihəsinə görə, qəsr düzbucaqlı formasında olub, istehkam və qüllələri olan torpaq sədlə əhatə olunub. Qəsr-saray ilk növbədə uzunmüddətli mühasirəyə davam gətirməyə qadir olan müdafiə tikilisi kimi inşa edilib. Saray təkcə özünün yerüstü tikililəri ilə deyil, həm də çoxsaylı zirzəmiləri, mağaraları ilə də məşhurdur. Qəsri əhatə edən səddə qulluqçular və təsərrüfat anbarları üçün çoxsaylı binalar tikilib. Burada hətta at tövləsi də var.
Bu gün Nesvijsk qəsri özünün müxtəlif planlı arxitekturası və iri landşaftlı parkı, dekorativ gölü və kölgəli xiyabanları ilə Belarusun çoxlu sayda turistləri cəlb edən ən gözəl saray-park ansamblıdır.