...

Azərbaycan Prezidenti "Total" şirkətinin baş vitse-prezidenti Maykl Borrellin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 9 Sentyabr 2011 17:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da "Total" şirkətinin baş vitse-prezidenti Maykl Borrellin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti "Total" şirkətinin baş vitse-prezidenti Maykl Borrellin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 9-da "Total" şirkətinin baş vitse-prezidenti Maykl Borrellin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, Maykl Borrellin başçılıq etdiyi "Total" şirkətinin nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" blokunda iri qaz yatağının kəşf edilməsini ölkəmizin həyatında əlamətdar hadisə kimi dəyərləndirdi. Dövlətimizin başçısı ölkəmizdə yeni qaz yatağının kəşf olunmasının Azərbaycanın dünyanın ən böyük qaz istehsal edən ölkələr sırasında mövqeyini daha da möhkəmləndirəcəyini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, bu əlamətdar hadisə Azərbaycanın neft və qaz potensialının indiyəcən təsdiqlənmiş ehtiyatlardan qat-qat çox olduğunun növbəti əyani sübutudur.

Dövlətimizn başçısı uzun illərdir Fransanın "Total" şirkətinin Azərbaycanda bir sıra layihələrdə uğurla fəaliyyət göstərdiyini və yeni qaz yatağının kəşfinin böyük nailiyyət olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanın neft-qaz strategiyasını uğurla davam etdirmək üçün bundan sonra da məqsədyönlü və ardıcıl siyasətini davam etdirəcəyini vurğuladı.

"Total" şirkətinin baş vitse-prezidenti Mayk Borrell "Abşeron" blokunda iri qaz yatağının kəşfinin mühüm hadisə olduğunu bildirdi. Maykl Borrell "Total" şirkətinin Azərbaycan Dövlət Neft Şirkəti ilə uğurla əməkdaşlıq etdiyini dedi. O, "Abşeron" yatağında "Total" şirkətinin həyata keçirdiyi işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdi. Maykl Borrell Fransanın "Total" şirkətinin Azərbaycan ilə əməkdaşlığının bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu vurğuladı.

Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Abşeron" blokundakı yeni qaz yatağının texniki-iqtisadi göstəriciləri və perspektivdə görüləcək işlər barədə təqdimat verdi.

Prezident İlham Əliyev Abşeron blokunda iri qaz yatağının kəşfi münasibətilə xalqımızı, bu layihənin reallaşmasında iştirak edən insanları təbrik etdi və yeni-yeni uğurlar arzuladı. Dövlətimizin başçısı yeni yatağın Azərbaycanın regionda və dünyada mövqeyinin möhkəmlənməsinə, respublikamızın sosial-iqtisadi inkişafının daha da güclənməsinə və xalqımızın maddi-rifah halının yaxşılaşmasına mühüm təsir göstərəcəyini vurğuladı.

Sonra Prezident İlham Əliyev Abşeron blokunda yeni qaz yatağının kəşfi münasibətilə mətbuata açıqlama verdi.

Xəbər lenti

Xəbər lenti