...

Türkiyə ərazisində raket hücumundan müdafiə sisteminin yerləşdirilməsi üzrə müqavilə imzalanıb

Siyasət Materials 14 Sentyabr 2011 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Türkiyə ilə ABŞ arasında Türkiyə ərazisində raket hücumundan müdafiə (RHM) sisteminin yerləşdirilməsinə dair müqavilə imzalanıb. Bu barədə Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Müqaviləyə görə, radar Türkiyənin Malatya şəhərindəki Kürəcik bazasında yerləşdiriləcək.

Bir müddət əvvəl Türkiyə XİN-in rəsmi nümayəndəsi Səlcuq Ünal jurnalistlərə məlumat vermişdi ki, ABŞ və NATO-nun yaratdığı RHM sistemi çərçivəsində raket hücumu təhlükəsi barədə ilkin xəbərdarlıq radarı Türkiyədə yerləşdiriləcək.

Diplomat xatırlatmışdı ki, RHM sisteminin yerləşdirilməsi barədə qərar ötən il NATO-nun Lissabonda keçirilmiş sammitində qəbul olunub və Türkiyə lap əvvəldən bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı işlərə dəstək verib.

Bu ilin sonunda başa çatdırılması nəzərdə tutulan RHM-in yaradılmasının birinci mərhələsində artıq yaradılmış və öz effektivliyini sübut etmiş "Aegis" dəniz bazası sistemlərinin də daxil olduğu RHM sisteminin Avropada yerləşdirilməsi nəzərdə tutulur. Sözügedən radar AN/TPY-2 dəniz mobil radar aşkarlama sistemidir. Radarın və raket-tutucuların yerləşdirilməsi Avropanın regional ballistik raket təhdidlərini əks etdirməyə imkan verəcək.

İkinci mərhələ 2015-ci ilədək başa çatacaq. Lazımi sınaqların keçirilməsindən sonra dəniz və yerüstü yerləşdirmə üçün daha güclü raket-tutucu SM-3-ün (Blok-IB) versiyasının, eləcə də yaxın və orta radiuslu raket təhdidlərindən müdafiə olunan rayonun genişləndirilməsi üçün daha mükəmməl sensorların yerləşdirilməsi planlaşdırılır.

2018-ci ildə başa çatmalı olan üçüncü mərhələ təkmilləşdirilmiş SM-3 (Blok IIA) istehsalı, sınaqdan keçirilməsi və yerləşdirilməsini nəzərdə tutur.

RHM sisteminin yaradılmasının dördüncü fazasının 2020-ci ildə başa çatdırılması nəzərdə tutulub. SM-3-ün (Blok IIB) yerləşdirilməsinin orta və uzaq məsafəli raket təhlükələrinə və gələcəkdə ABŞ-a qarşı qitələrarası ballistik raket təhdidlərinin mümkünlüyünə qarşı daha yaxşı müdafiə olunmağa imkan verəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti