Azərbaycan, Bakı, 21 sentyabr /Trend/
İranda casusluq ittihamı ilə həbs olunmuş Şeyn Bauer və Coşua Fattal adlı ABŞ vətəndaşları zaminə buraxılıb. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər yayıb.
Zaminlik məbləği onların hər biri üçün 500 min dollar təşkil edib.
2010-cu ildə Oman Sultanlığı Sara Şurdun zaminə buraxılması üçün 500 min dollar ödəyib. Şurd Bauer və Fettal ilə birlikdə 2009-cu ilin iyul ayında İran-İraq sərhədində saxlanılıb.
Tehran onları casusluqda və ölkə ərazisinə qeyri-qanuni keçməkdə günahlandırır. Turistlərin qohumları bildirirlər ki, onlar günahsızdırlar və sərhədi azdıqları üçün keçiblər.
Şurd İran İnqilab Məhkəməsi tərəfindən keçən ilin sentyabr ayında səhhəti ilə əlaqədar zaminə buraxılıb və dərhal İranı hava yolu ilə tərk edib. Bauer və Fettal isə İranın "Evin" həbsxanasında saxlanılıb.
ABŞ vətəndaşlarının işi ilə bağlı ilk dinləmələr 2010-cu il fevralın 6-da Tehranda bağlı qapılar arxasında keçirilib. ABŞ vətəndaşları ittiham edildikləri heç bir bənd üzrə özlərini günahkar bilməyiblər.
Avqustda onlar barəsində hökm oxunub. Hökmə görə, onların hər biri İrana qeyri-qanuni keçdiklərinə görə üç il, ABŞ xeyrinə casusluğa görə isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.