...

İlham Əliyev: Fransa Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində mühüm rol oynayır (FOTO)

Siyasət Materials 7 Oktyabr 2011 22:53 (UTC +04:00)
Sizin səfəriniz tarixi xarakter daşıyır. İlk dəfə olaraq Fransa Prezidenti Azərbaycana səfər edir. Əminəm ki, səfəriniz Fransa-Azərbaycan əlaqələrinin gələcək uğurlu inkişafına çox böyük töhfəsini verəcək. Əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Son illər ərzində ölkələrimiz arasında yaşanan əməkdaşlıq bizi daha da ruhlandırır və əmin edir ki, gələcəkdə də Fransa-Azərbaycan əlaqələri strateji xarakter daşıyacaq, Trend-in məlumatına görə, bunu cümə günü Prezident İlham Əliyev Bakıda Fransa Prezidenti Nikola Sarkozinin iştirakı ilə keçirilən Fransız Liseyinin təməlqoyma mərasimində çıxışı zamanı deyib.
İlham Əliyev: Fransa Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində mühüm rol oynayır (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Sizin səfəriniz tarixi xarakter daşıyır. İlk dəfə olaraq Fransa Prezidenti Azərbaycana səfər edir. Əminəm ki, səfəriniz Fransa-Azərbaycan əlaqələrinin gələcək uğurlu inkişafına çox böyük töhfəsini verəcək. Əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Son illər ərzində ölkələrimiz arasında yaşanan əməkdaşlıq bizi daha da ruhlandırır və əmin edir ki, gələcəkdə də Fransa-Azərbaycan əlaqələri strateji xarakter daşıyacaq, Trend-in məlumatına görə, bunu cümə günü Prezident İlham Əliyev Bakıda Fransa Prezidenti Nikola Sarkozinin iştirakı ilə keçirilən Fransız Liseyinin təməlqoyma mərasimində çıxışı zamanı deyib.

"Siyasi əlaqələrimiz çox intensivdir. Mən dəfələrlə Sizin gözəl ölkənizə səfər etmişəm, bu gün isə Siz bizim qonağımızsınız. Siyasi sahədə əməkdaşlığın perspektivləri də çox gözəldir. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında Fransanın çox böyük rolu vardır. Şəxsən Sizin və rəhbərlik etdiyiniz dövlətin Avropa İttifaqı-Azərbaycan əlaqələrinə verdiyiniz dəstəyə görə Sizə minnətdaram. Bu yaxınlarda "Şərq tərəfdaşlığı" zirvə görüşünün keçirilməsi bir daha göstərdi ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Azərbaycan-NATO əlaqələrində də Fransanın xüsusi rolu vardır. Bu əlaqələrin inkişafında Sizin ölkəniz əminəm ki, bundan sonra da dəstəyini göstərəcək" İlham Əliyev deyib.

Prezident bildirib ki, regional təhlükəsizlik məsələləri daim diqqət mərkəzindədir.

"Bu gün də bu məsələlərlə bağlı biz Sizinlə çox geniş və səmimi söhbət aparmışıq. Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması işində çox mühüm rol oynayır. Biz bu rolu yüksək qiymətləndiririk və ümid edirik ki, şəxsən Sizin səyləriniz nəticəsində münaqişə tezliklə beynəlxalq hüquq normalarına uyğun şəkildə həllini tapacaq və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq.

Uzun illərdir ki, Azərbaycan torpaqları - Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon işğal altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma torpağında qaçqın-köçkün həyatı yaşayır. Bu vəziyyətə son qoyulmalıdır və Sizin də qeyd etdiyiniz kimi, status-kvo dəyişdirilməlidir. Hesab edirəm ki, status-kvonun dəyişdirilməsi üçün yaxşı imkanlar vardır və status-kvonun dəyişdirilməsini ən çox arzulayan tərəf Azərbaycandır. Çünki bu, bizim torpaqlarımızdır və bizim torpaqlar işğal altındadır.

Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz qərarlarını vermişlər. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, digər təşkilatlar - yəni, məsələnin həlli üçün hüquqi baza vardır. Əminəm ki, yaxın zamanlarda daha da ciddi addımlar atılacaq, münaqişəyə son qoyulacaq və Cənubi Qafqazda sülh, əməkdaşlıq yaranacaq" dövlət başçısı çıxışında deyib.

İlham Əliyev vurğulayıb ki, ölkələr arasında iqtisadi sahədə əməkdaşlıq da çox uğurla inkişaf edir.

"Deyə bilərəm ki, bu ilin 8 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dolları keçmişdir və gələcək inkişaf üçün imkanlar vardır. Ümid edirəm ki, ilin sonuna qədər bu rəqəm 4 milyard dollara çatacaqdır. Fransanın 40-a yaxın şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Onlar ekologiya, ətraf mühitin qorunması ilə bağlı müxtəlif layihələri icra edirlər. Azərbaycanda Məişət tullantıları zavodu Fransa şirkəti tərəfindən tikilir. Bakıda metronun konseptual inkişaf planında Fransa şirkətləri iştirak edirlər. Bizim birinci telekommunikasiya peykimizi orbitə Fransa şirkəti qaldıracaqdır. Yəni, bu sahədə də əməkdaşlıq üçün yaxşı imkanlar vardır.

Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq çox uğurludur. Bu yaxınlarda "Total" və "Gaz de France" şirkətlərinin Azərbaycanda yeni qaz yatağını aşkarlaması həm ölkəmizin enerji potensialını gücləndirəcək, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə də müsbət təsirini göstərəcəkdir. Çünki bildiyiniz kimi, Azərbaycan "Cənub" qaz dəhlizinin reallaşmasında çox mühüm rol oynayır. Bu məsələlər, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bir hissəsidir.

Bu yaxınlarda aşkar edilmiş qaz yatağında 350 milyard kubmetr qaz vardır və beləliklə, Azərbaycanın qaz potensialı hazırda 2,6 trilyon kubmetrdir. Mən çox şadam ki, Fransa şirkətləri bizim tərəfdaşlar kimi Azərbaycanda uğurla fəaliyyət göstərirlər.

Nəhayət, humanitar sahədə əməkdaşlıq çox genişdir. Yaxın gələcəkdə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaqdır. Bu gün isə Bakıda Fransız Liseyinin təməl daşı qoyulacaqdır. Bu, çox əlamətdar və gözəl hadisədir. Bu liseyin fəaliyyətə başlaması Fransa-Azərbaycan əlaqələrini daha da gücləndirəcəkdir. Bu, bizim dostluğumuzun rəmzidir. Eyni zamanda, Azərbaycanda təhsil sahəsinə qoyulan böyük sərmayədir. Bu liseyin yaradılmasında əməyi olan bütün şəxslərə dərin minnətdarlığımı bildirirəm. Liseyin təməl daşının qoyulmasında Fransa Prezidentinin iştirakı, əlbəttə ki, bugünkü mərasimə xüsusi əhəmiyyət verir.

Əminəm ki, hörmətli cənab Prezident, liseyin açılışında da biz Sizinlə bərabər iştirak edəcəyik. Bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Sizə və rəhbərlik etdiyiniz ölkəyə yeni-yeni uğurlar arzulayıram" Prezident çıxışının sonunda bildirib.

Azərbaycan və Fransa prezidentləri tikiləcək liseyin stendinə baxdılar. Sonra Fransız Liseyinin təməli qoyuldu.

Prezident İlham Əliyev və Prezident Nikola Sarkozi gilizi təmələ buraxdılar. Dövlət başçıları və Azərbaycanın birinci xanımı təmələ beton qarışığı tökdülər.

Bildirildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq lisey ölkəmizdə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaradacaqdır. Fransız məktəbinin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı olacaqdır. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaqdır. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab verəcək və nazirlik tərəfindən tanınacaqdır. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar.

Fransa Prezidentinin diqqətinə çatdırıldı ki, bu təhsil ocağı Bakının "Ağ şəhər" adlanan ərazisində inşa olunacaqdır. Dünyada şəhərsalma sahəsində həyata keçirilən ən iri və nadir layihələrdən olan "Bakı Ağ şəhər" layihəsinin maraqlı tərəflərindən biri də burada Paris məhəlləsinin salınmasıdır.

Sonra Azərbaycanın və Fransanın dövlət başçıları ölkəmizdə fəaliyyət göstərən fransız iş adamları ilə görüşdülər, onlara fəaliyyətlərində uğurlar arzuladılar.

Xəbər lenti

Xəbər lenti