Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir R.Daraxşan/
Çexiya Parlamentinin Deputatlar Palatasının xarici əlaqələr komitəsi Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü münasibətilə cari ilin 12 oktyabr tarixində yekdilliklə qətnamə qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri, təmsil etdiyi xalq adından müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü münasibətilə Azərbaycan Respublikasını təbrik edib.
Qətnamədə qeyd olunur ki, 28 may 1918-ci ildə müstəqilliyi bəyan edilmiş Azərbaycan Respublikası Türk və Müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və universal səsvermə hüququnu təmin edən ilk dünya dövlətlərindən olmuş və Çexoslovakiya da daxil olmaqla digər demokratik dövlətlər tərəfindən tanınmışdır.
Deputatlar Azərbaycan Respublikasının ərazi bütövlüyünün, dövlət suverenliyinin və müstəqilliyinin Çexiya Respublikası tərəfindən qeyd-şərtsiz tanındığını və dəstəkləndiyini bir daha təsdiqləyiblər.
Sənəddə həmçinin qeyd olunur ki, Azərbaycan Çexiyanın strateji tərəfdaşıdır.
"Azərbaycan Respublikası Avropanın enerji təchizatının diversifikasiyasında əhəmiyyətli rol oynayaraq, bununla da Avropanın enerji təhlükəsizliyinə böyük tövhə verir", deyə qətnamədə bildirilir.
Qətnamədə həmçinin vurğulanır ki, Azərbaycan NATO-nun Sülh naminə Tərəfdaşlıq və Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramlarının aktiv üzvüdür.
Oktyabrın 18-i Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümüdür.