...

Haşimi Rəfsəncani: Seçkilərdə xalqın istədiyi hər bir partiya nümayəndəsi iştirak etməlidir

Siyasət Materials 18 Oktyabr 2011 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir T.Cəfərov/

Seçkilərdə xalqın istədiyi hər bir cinah və partiyadan nümayəndələr iştirak etməlidir və seçilməlidir. Bunu İranın Məsləhət Şurasının sədri və ölkənin eks-prezidenti Əli Əkbər Haşimi Rəfsəncani ölkənin Xalq Demokratik Partiyasının (mərdomsalari partiyasının) nümayəndələri ilə görüşündə deyib. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat verir.

İranda parlament seçkiləri dörd ildən bir keçirilir. İranda VIII çağırış parlament seçkiləri 14 mart 2008-ci ildə keçirilib və 2012-ci il martın 12-də IX çağırış parlament seçkiləri keçiriləcək. Məclisin tərkibində hazırda 290 deputat var. Gələcək seçkilərdə deputatların sayının 10 nəfər artırılması məsələsi parlamentdə müzakirə olunur.

Rəfsəncani ölkədə partiyaların və KİV-in müstəqil və azad fəaliyyəti üçün şəraitin yaradılmasını istəyib.

O əlavə edib ki, xalq verdiyi səsin təsiredici olmasını istəyir. "Xalqın iradəsi ilə şəffaf və sağlam seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılmalıdır", - Rəfsəncani deyib.

İndiyədək İranda partiya, cəmiyyət, hərəkat və digər formalarda 260 partiya qeydiyyatdan keçib. Lakin onlardan 60 faizinin fəaliyyət göstərdiyi bildirilir. İranda partiyalar üç - mühafizəkar, islahatçı və mötədil düşərgələrində siyasi mübarizə aparırlar. İslahatçılar düşərgəsində 47, mühafizəkarlarda 35, mötədillər düşərgəsində isə 25 partiya fəaliyyət göstərir. Son vaxtlar hakim Üsulgəralar düşərgəsindən bəzi şəxsiyyətlər 2009-cu ildə prezident seçkilərindən sonra yaranan gərginliklərlə bağlı İslahatçıların gələcək parlament seçkilərinə qatılmasına şəraitin yaradılmamasını istəyib.

Xəbər lenti

Xəbər lenti