...

Artıq bütün ölkələr Azərbaycanın mövqeyinə daha da diqqətlə yanaşmalı olacaqlar - millət vəkili

Siyasət Materials 27 Oktyabr 2011 17:50 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük digər nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın irəli sürdüyü məsələlərin çəkisini artırır.
Artıq bütün ölkələr Azərbaycanın mövqeyinə daha da diqqətlə yanaşmalı olacaqlar - millət vəkili

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir M.Əliyev/

BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük digər nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycanın irəli sürdüyü məsələlərin çəkisini artırır. Bu barədə Trend-ə cümə axşamı Milli Məclisin deputatı, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin üzvü Fuad Muradov bildirib.

"Artıq bütün ölkələr Azərbaycanın mövqeyinə daha da diqqətlə yanaşmalı olacaqlar", - Muradov deyib.

O, əlavə edib ki, bu üzvlük Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin güclənməsinə təkan verəcək. "Bu üzvlük siyasi müstəvidə Azərbaycanın təsdiqlənməsi deməkdir", - millət vəkili qeyd edib.

Muradov deyib ki, Azərbaycanın bir daha öz haqlı mövqeyini, reallıqlarını dünya ictimaiyyətinə çatdırması üçün növbəti bir məkan yaranacaq.

Şərqi Avropa regionundan üzv seçilməyin olduqca mürəkkəb olduğunu qeyd edən Muradov bildirib ki, bu, dövlət başçısı İlham Əliyevin apardığı işin nəticəsidir.

Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Səsvermənin axırıncı mərhələsindən əvvəl Sloveniyanın xarici işlər naziri Samuel Zboqar öz ölkəsinin namizədliyini geri götürdüyünü bildirib. Bundan əvvəl baş tutan səsvermə mərhələsində Azərbaycan 116, Sloveniya isə ancaq 77 səs toplayıb.

Axırıncı mərhələdə Azərbaycanın lehinə 155 ölkə səs verib, 24 ölkə bitərəf qalıb və daha 13 ölkə yenə də Sloveniyaya səs verib.

Bundan əvvəl keçirilən altı səsvermə mərhələsinin hər birində Azərbaycan Sloveniyadan çox səs toplamışdı, lakin seçilmək üçün tələb olunan 129 səsi yığa bilməmişdi.

Xəbər lenti

Xəbər lenti