...

Suriyadakı nümayişlərdə ölənlərin sayı 26-ya çatıb

Siyasət Materials 28 Oktyabr 2011 18:02 (UTC +04:00)
Suriyanın müxtəlif şəhərlərində keçirilən nümayişlər zamanı ölkənin təhlükəsizlik qüvvələri tərəfindən 26 nəfər öldürülüb, xeyli sayda yaralı var.
Suriyadakı nümayişlərdə ölənlərin sayı 26-ya çatıb

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Suriyanın müxtəlif şəhərlərində keçirilən nümayişlər zamanı ölkənin təhlükəsizlik qüvvələri tərəfindən 26 nəfər öldürülüb, xeyli sayda yaralı var. Bu barədə cümə günü Trend "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

Nümayişlər Suriyanın Xüms, Latakiya və digər iri şəhərlərində keçirilir. Nümayişçilər Prezident Bəşşar əl-Əsədin təcili istefasını tələb edirlər.

Suriyada nümayişlər Milli Keçid Şurası qüvvələri tərəfindən Sirt şəhərində həbs edilməsindən sonra atışma zamanı qətlə yetirilən Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin ölümündən sonra güclənib.

Suriyada hökumət əleyhinə etiraz aksiyaları təqribən yeddi aydır ki, davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, indiyə qədər toqquşmalar nəticəsində ölənlərin sayı 3 min nəfəri keçib. Suriya hökuməti isə hər iki tərəfdən 1,5 min nəfərdən çox insanın öldüyünü bildirir.

Ölkə müxalifəti Prezident Bəşşar əl-Əsədin istefasını və siyasi islahatların keçirilməsini tələb edir. ABŞ və Avropa İttifaqı əl-Əsədi istefaya getməyə çağırıb və Suriyaya qarşı sanksiyaların tətbiq edilməsində təkid edirlər.

Oktyabrın 4-də Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Suriyaya qarşı sanksiyaları nəzərdə tutan qətnaməni bloklayıblar. Sənəd, Suriya hakimiyyəti tərəfindən ölkədə müxalifətə təziyiqin davam etdiriləcəyi halda, sanksiyaları nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti