...

Prezident Georgi Pırvanov: Azərbaycan "Cənub qaz dəhlizi"nin inkişafında əsas rol oynamalıdır (MÜSAHİBƏ) (FOTO)

Siyasət Materials 15 Noyabr 2011 16:07 (UTC +04:00)
Bolqarıstan Prezidenti Georgi Pırvanov Azərbaycan rəhbərliyi ilə danışıqların nəticəsindən razıdır.
Prezident Georgi Pırvanov: Azərbaycan "Cənub qaz dəhlizi"nin inkişafında əsas rol oynamalıdır (MÜSAHİBƏ) (FOTO)

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir S.Ağayeva /

Bolqarıstan Prezidenti Georgi Pırvanov Azərbaycan rəhbərliyi ilə danışıqların nəticəsindən razıdır.

"Danışıqlar çox aktiv, işgüzar keçdi, nəticələrdən razıyam. Bu nəticələr mənimlə Azərbaycan Prezidenti İlham Əliyev arasında artıq təsdiqlənmiş dostluq, eyni zamanda işgüzar münasibətlər ənənəsini ifadə edir", - Pırvanov çərşənbə axşamı Bakıda Trend-ə müsahibəsində deyib.

Bolqarıstan Prezidenti noyabrın 14-15-də Azərbaycanda rəsmi səfərdədir.

"Görüşlərimizin gündəliyi həmişə çox geniş olub. Biz müzakirələrə ölkələrimiz arasında iqtisadi münasibətlərin aktivləşdirilməsindən, çox müsbət tendensiyanın müşahidə olunduğu əmtəə mübadiləsinin artırılmasından başlayırıq", - Pırvanov qeyd edib.

Onun fikrincə, eyni zamanda, Azərbaycan və Bolqarıstanın ticarət etdiyi malların çeşidini genişləndirmək, hər iki ölkənin qarşılıqlı investisiya planlarının genişləndirilməsi haqqında daha ciddi düşünmək lazımdır.

Siyasi əməkdaşlıq

Bolqarıstan Prezidentinin sözlərinə görə, son illər həm dövlət başçıları, həm də iki ölkənin parlamentləri, icra hakimiyyətləri səviyyəsində intensiv dialoq aparılır.

O qeyd edib ki, Bolqarıstan Avropa İttifaqı strukturlarında Azərbaycanın maraqlarını müdafiə etməkdə və qorumaqda aktiv rol oynaya bilər, "çünki biz bu strukturlarda mühüm rol oynayırıq və bu regionun xüsusiyyətləri ilə çox yaxşı tanışıq".

"Ona görə də dünən mən bir qədər radikal ideya təklif etdim ki, Aİ Azərbaycana və Azərbaycan kimi digər ölkələrə imtiyazlı əməkdaşlıq statusunun verilməsi haqqında fikirləşsin. Çünki biz məhz qarşılıqlı hörmət əsasında perspektivləri görməli və dialoqu inkişaf etdirməliyik", - Georgi Pırvanov deyib.

Bolqarıstan Prezidenti NATO çərçivəsində əməkdaşlığı mühüm məsələlərdən biri hesab edir. "NATO, Aİ ölkələri, Azərbaycan və bütün region qarşısında birgə səylərlə qarşısı alınması lazım gələn eyni təhlükələr durur. Ona görə də NATO ilə Azərbaycan arasında təkcə hərbi əməkdaşlıq deyil, həm də region qarşısında duran bütün digər təhlükələri aradan qaldırmağa kömək edə biləcək imkanların yaradılması üçün əməkdaşlıq çox lazımdır", - Pırvanov bildirib.

Azərbaycan qazının Avropaya nəqli

Prezident qeyd edib ki, energetika mövzusu Azərbaycan-Bolqarıstan danışıqlarında daim əsas mövzudur. Söhbət həm ikitərəfli əlaqələrin, həm də Bolqarıstanın və digər Aİ, eləcə də Cənubi Avropa ölkələrinin qaz və neftlə təminatının diversifikasiyasından gedir.

"Birincisi, qaz tədarükünün həcmi Bolqarıstan iqtisadiyyatının tələbatından, ikincisi, digər Avropa ölkələrinə onun ixracının genişləndirilməsi imkanlarından asılıdır. Bu tədarükün bütün parametrlərinin dəqiqləşdirilməsi çox vacibdir, lakin bunu ekspertlər öz işgüzar görüşlərində etməlidirlər", - Bolqarıstan Prezidenti deyib.

Onun fikrincə, ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Bolqarıstan bazarına çıxması və digər Avropa ölkələri ilə Bolqarıstanda interkorrektorların tikintisində iştirakı da çox mühümdür.

"ARDNŞ Bolqarıstanın qaz nəqliyyatı şəbəkəsinin bir hissəsini ala da bilər ki, bu da münasibətlərimizə və tədarüklərə sabitlik gətirər", -Pırvanov deyib.

Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolundan danışan Bolqarıstan Prezidenti dialoqun aparılması və bu məsələdə qərarların qəbul edilməsində Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin siyasi iradəsini qeyd edib. O, Avropa institutları ilə aktiv dialoqun aparılmasının çox yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edib.

"Mən, həmçinin hesab edirəm ki, Azərbaycan "Cənub qaz dəhlizi" adlandırılan layihənin inkişafında mühüm rol oynaya bilər və oynamalıdır", - Pırvanov bəyan edib. Onun sözlərinə görə, bir tərəfdən, Azərbaycan çox böyük qaz ehtiyatlarına malikdir, digər tərəfdən, bu enerji daşıyıcısının nəqlinin ümumi marşrutunun çox vacib elementidir. Bolqarıstan dövlətinin başçısı hesab edir ki, ona görə də Azərbaycan danışıqlarda ciddi rol oynamalıdır.

Dağlıq Qarabağ münaqişəsi

Georgi Pırvanov bildirib ki, Bolqarıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərə kömək etməyə çalışır və onları dəstəkləyir.

"Bolqarıstan Azərbaycan xalqının bu probleminin ədalətli və uzunmüddətli nizamlanmasına nail olunması məqsədilə vasitəçilər qrupunun fəaliyyətini dəstəkləyir. Bu problemin həllinə Avropa İttifaqı da cəlb edilib və o, münaqişənin nizamlanması prosesində aktiv iştirak edir", - Pırvanov bəyan edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti