...

Macarıstanda Azərbaycan Günü keçirilib (FOTO)

Siyasət Materials 17 Noyabr 2011 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr / Trend müxbir M.Əliyev/

Macarıstanın Sekeşfehrvar şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Azərbaycan Günü keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın Macarıstandakı səfirliyindən bildirilib.

Azərbaycanın Macarıstandakı səfirliyi və Macar-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən səfir Vilayət Quliyev Azərbaycanın tarixi və müasir durumu, müasir tipli demokratik, hüquqi və dünyəvi dövlət qurulması istiqamətində əldə olunmuş uğurlar, Azərbaycan - Macarıstan əlaqələri haqqında ətraflı məlumat verib.

Tədbirdə həmçinin Feyer Əyalət Şurasının sədr müavini Pleyzer Layoş və Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva çıxış edərək Sekeşfehrvar şəhərində belə bir tədbirin keçirilməsinin böyük əhəmiyyəti olduğunu və gələcəkdə həmin şəhərlə Azərbaycan arasında əlaqələrin inkişafına zəmin yaradacağını bildiriblər.

Daha sonra tədbir mədəni proqramla davam etdirilib. Macarıstanın tanınmış türkoloq alimi Adoryan İmrenin rəhbərliyi altında özfəaliyyət teatrı tərəfindən macar dilində Azərbaycanın xalq şairi Rəsul Rzanın və Londonda yaşayan azərbaycanlı şairə Nigar Həsənzadənin şeirləri, "Kitabi Dədə Qorqud" və "Koroğlu" dastanlarından, habelə Məhəmməd Füzulinin "Hədiqətüs-Süəda" əsərindən səhnələşdirilmiş parçalar göstərilib, Azərbaycan və macar milli musiqi və rəqs nümunələri ifa olunublar.

Xəbər lenti

Xəbər lenti