Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir M.Əliyev/
Xəzəryanı ölkələr Xəzər dənizində nərə cinsli balıqların ovlanmasına qadağa məsələsi üzrə yekun qərarı gələn il Rusiyada keçiriləcəyi güman edilən Xəzərin bioloji su resursları üzrə komissiyanın növbəti iclasında qəbul edə bilərlər.
Trend-in məlumatına görə, belə bir təkliflə komissiyanın çərşənbə günü və cümə axşamı Bakıda keçirilən 32-ci iclasında Rusiya tərəfi çıxış edib.
Növbəti iclasa qədər Xəzəryanı ölkələr Xəzərdə nərə cinsli balıqların ovlanmasına qadağanın tətbiqi ilə bağlı öz mövqelərini müəyyən etməlidirlər.
Çərşənbə günü iclas zamanı Azərbaycan nərə cinsli balıqların ovlanmasına on illik, İran isə beş illik qadağa qoyulmasını təklif edib.
Komissiya, həmçinin, sessiyalararası dövrdə işin davam etdirilməsi fikrindədir.
Rusiya tərəfi bir və iki ay ərzində işçi qrupunun tərəflərin mövqelərini maksimum yaxınlaşdırmağa nail olacağına ümid edir.
Nərə cinsli balıqların ovlanmasına qadağanın tətbiqi, eləcə də 2010-2011-ci illərdə balıq ovu kvotasının mənimsənilməsi və 2012-ci il kvotasının müəyyənləşdirilməsi beş Xəzəryanı dövlətin Bakıda keçirilən iclasının əsas mövzularıdır.
İndiyədək beş Xəzəryanı dövlət - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan nərə cinsli balıqların ovlanmasına birillik qadağanın tətbiqini dəstəkləyiblər.
Qadağa ilə bağlı təkliflə ilk dəfə Qazaxıstan 2010-cu il noyabrın 18-də Bakıda keçirilən sammitdə çıxış edib. Digər Xəzəryanı ölkələr bu təklifi dəstəkləyiblər və nərə cinsli balıqların ovlanmasına qadağanın tətbiqi mexanizminin hazırlanması tapşırılıb.