Azərbaycan, Bakı, 31 dekabr /Trend/
Kanadanın Alberta əyalətində fəaliyyət göstərən Alberta Azərbaycan mədəniyyət cəmiyyətindən (Alberta Azerbaijani Cultural Society - ALACS) verilən məlumata əsasən, Kalqari şəhərinin meri Nahid Nenşinin (Naheed Nenshi) müvafiq qərarı ilə 31 dekabr 2011-ci il tarixi Kalqari şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilmişdir. Bu barədə Trend-ə Azərbaycanın Kanadadakı səfirliyində məlumat verilib.
Qərarda bildirilir ki, hər bir azərbaycanlı üçün inam və ümid günü olan 31 dekabr dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən böyük təmtəraqla qeyd edilir.
Bundan əlavə, sənəddə qeyd olunur ki, 1989-cu il dekabrın 31-də Azərbaycan xalqı Sovet Azərbaycanı ilə İran arasındakı sərhədlərin dağıdılması tələbi ilə çıxış etmişdir. Həmin vaxtdan etibarən dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.