...

İranda parlament seçkilərində islahatçılardan 700 nəfər namizədliyini irəli sürüb

Siyasət Materials 4 Yanvar 2012 11:43 (UTC +04:00)
İranda müxtəlif partiyalardan islahatçı düşüncəli 700 nəfər 2012-ci ilin mart ayında keçiriləcək parlament seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.
İranda parlament seçkilərində islahatçılardan 700 nəfər namizədliyini irəli sürüb

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir T.Cəfərov/

İranda müxtəlif partiyalardan islahatçı düşüncəli 700 nəfər 2012-ci ilin mart ayında keçiriləcək parlament seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. Bunu İranın İslahatçılar düşərgəsindən olan Demokratiya Partiyasının (Mardomsalari) Baş katibi Mustafa Kovakabian deyib. Bu barədə Trend çərşənbə günü İranın "Mehr" xəbər agentliyinə istinadən məlumat verir.

Kovakabian bildirib ki, qeydiyyata alınmış 700 nəfərdən 100-ü "islahatçıların tanınmış simalarındandır"

Bundan əvvəl islahatçı qruplar, o cümlədən Demokratiya Partiyasının da üzv olduğu İslahatçıların Koordinasiya Şurası elan etmişdi ki, növbəti parlament seçkilərində seçki siyahısı təqdim etməyəcək və kimsəni də dəstəkləməyəcək.

Buna baxmayaraq, Kovakabian bildirib ki, İslahatçılar düşərgəsindən Demokratiya, Xane Kargər (İşçilər Evi) partiyalarının, "İmam yolunun davamçıları" fraksiyasının, həmçinin Etimad Milli və Karguzarane Sazandegi (İranın Tikinti İdarəçiləri) partiyalarının üzvləri növbəti parlament seçkilərində iştirak edəcəklər.

O əlavə edib ki, Tehrandan İslahatçılar düşərgəsindən 15 tanınmış sima növbəti parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Bundan əvvəl İranın Etimad Milli Partiyasının Baş katibi və islahatçıların liderlərindən olan Mehdi Kərrubi növbəti parlament seçkilərini "sifarişli" seçkilər adlandırmış və demişdi ki, dövlət seçkiləri keçirmək əvəzinə, öz nümayəndələrini təyin etsin.

İranın sabiq Prezidenti Məhəmməd Xatəmi də bildirmişdi ki, "bütün göstəricilər onu göstərir ki, seçkilərdə iştirak etməyəcəyik və seçkilərdə iştirak etməyin mənası yoxdur".

İranda keçiriləcək parlament seçkilərinə ümumilikdə 5283 namizəd qeydiyyatdan keçib. Bunu İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar deyib.

2012-ci il mart ayının 2-də keçiriləcək İranda IX çağırış parlament seçkilərinə namizədlərin qeydiyyatı dekabrın 24-dən 30-dək həyata keçirilib.

Nəccarın sözlərinə görə, qeydiyyata alınan şəxslərdən 390 nəfəri qadındır.

İranda keçiriləcək qarşıdakı seçkilərdə əsas rəqiblər İslahatçılar və Mühafizəkarlar (Üsulgəralar) düşərgələridir. Lakin İranın müxalifyönlü KİV-lərinin məlumatına əsasən, İslahatçılar düşərgəsindən bəzi partiyalar, qruplar və şəxslər seçkilərdə iştirak etməyəcəklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti