...

Müsavat başqanının seçilməsi məsələsi növbəti qurultayda təxirə salına bilər

Siyasət Materials 17 Yanvar 2012 13:23 (UTC +04:00)
Müsavat başqanının seçilməsi məsələsi partiyanın martda keçiriləcək qurultayında təxirə salına və İsa Qəmbərin səlahiyyətləri növbəti qurultaya qədər uzadıla bilər.
Müsavat başqanının seçilməsi məsələsi növbəti qurultayda təxirə salına bilər

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.Mehdiyev/

Müsavat başqanının seçilməsi məsələsi partiyanın martda keçiriləcək qurultayında təxirə salına və İsa Qəmbərin səlahiyyətləri növbəti qurultaya qədər uzadıla bilər. Bu barədə çərşənbə axşamı Trend-ə Müsavat Partiyası Divanının üzvü Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, bunun üçün nizamnaməyə dəyişiklik etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, qurultayda başqan seçkisi məsələsi gündəlikdə olmur və nizamnamədə nəzərdə tutulduğu kimi, partiya başqanın səlahiyyət müddəti uzadılır, partiya başqanının seçkisi növbəti qurultayda gündəliyə çıxarılır.

"Bildiyiniz kimi, başqanlığa namizədlərdən hamısının seçkidə iştirak etmək imkanı eyni deyil. İndiki halda namizədlərdən biri həbsdədir və onun digər namizədlər ilə bərarbər seçki təbliğatı aparmaq imkanı məhduddur. Bu və ya digər obyektiv səbəbləri nəzərə alaraq, başqanın seçilməsi məsələsi martda keçiriləcək qurultayın gündəliyində olmaya və ondan sonrakı qurultayda bu məsələ yenidən gündəliyə gələ bilər", - İbadoğlu bildirib.

Onun sözlərinə görə, bununla bağlı qərarı qurultay verə bilər. O, hesab edir ki, bunun üçün tələb olunan səviyyədə partiya qurultayı nümayəndələrindən dəstək almaq mümkündür.

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin yanvarın 7-də keçirilən iclasında VIII qurultayın bu il martın 3-4-də keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti