...

Ankarada 20 Yanvar faciəsinə həsr olunmuş foto və rəsm sərgisi keçirilib (FOTO)

Siyasət Materials 21 Yanvar 2012 05:33 (UTC +04:00)
Cümə günü Azərbaycanın Türkiyədəki səfirliyi 20 Yanvar - Şəhidlər Günü münasibətilə Ankara Rəsm və Heykəl Muzeyində foto və bədii rəsm əsərlərinin sərgisini təşkil edib.
Ankarada 20 Yanvar faciəsinə həsr olunmuş foto və rəsm sərgisi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Cümə günü Azərbaycanın Türkiyədəki səfirliyi 20 Yanvar - Şəhidlər Günü münasibətilə Ankara Rəsm və Heykəl Muzeyində foto və bədii rəsm əsərlərinin sərgisini təşkil edib. Sərgidə xalqımızın yaddaşına şərəfli və qanlı hərflərlə yazılmış qanlı yanvar hadisələri ilə bağlı 40-dan çox foto və azərbaycanlı rəssamların bədii rəsm əsərləri nümayiş etdirilib. Bu barədə Trend-ə səfirliyin mətbuat katibi Elsevər Salmanov bildirib.

Tədbirdə Türkiyənin müxtəlif dövlət qurumlarının yüksək vəzifəli şəxsləri, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdet Ünüvar, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin müşaviri Kemal Fahir Genç, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, elm və incəsənət xadimləri, diaspor nümayəndələri, Ankarada təhsil alan azərbaycanlı tələbələr, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Sərginin açılış nitqini səfir Faiq Bağırov həyata keçiribr. Səfir çıxışında qanlı yanvar hadisələrinin canlı şahidi kimi, öz xatirələrindən əsaslı nümunələr gətirərək tədbir iştirakçılarına tarixi hadisələrin dəhşətini anladıb. Səfir qədim dövlətçilik ənənəsinə malik Azərbaycan xalqının öz müstəqilliyi və dövlət müqəddəratı uğrunda tarix boyu çox bədəllər ödədiyini və 20 Yanvar hadisələrinin də bu bədəllərdən biri olduğunu diqqətə çatdırıb.

Daha sonra söz Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdet Ünüvara verilib. O, öz çıxışında ölkələrimiz arasında qardaşlıq münasibətlərinin hər hansı iki dövlət arasındakı münasibətlərdən çox fərqli olduğunu, yaxın keçmişdə Azərbaycana səfər etdiyini və bu səfərin çox faydalı olduğunu və iki qardaş ölkənin birlikdə çox nailiyyətlərə imza ata biləcəklərini dilə gətirib.

Sərgidə tədbir iştirakçıları üçün furşet təşkil olunub.

Cümə günü səfir Faiq Bağırov Türkiyə dövlət televiziya kanalları olan TRT Haber və TRT Avaz televiziya kanallarının canlı yayımlarına ayrı-ayrı qoşularaq, Türkiyə ictimaiyyətinə qanlı yanvar hadisələri barəsində geniş məlumatlar verib. Səfir, həmçinin sözügedən hadisələrdə ermənilərin əhəmiyyətli rolundan da əsaslı nümunələr gətirərək ətraflı şəkildə bəhs edib, ümumiyyətlə, ermənilərin Azərbaycana qarşı tarix boyu və yaxın keçmişimizdə həyata keçirdikləri amansız və qeyri-insani fəaliyyətlər barədə dəlillərlə fikirlər irəli sürüb.

Türkiyənin nüfuzlu "Star" və "Cumhuriyet" qəzetlərində səfir Faiq Bağırovun qanlı yanvar hadisələri ilə bağlı "Sovetlərin son zülmü" sərlövhəli müfəssəl məqalələri yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti