Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir T.Cəfərov/
İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Bu barədə şənbə günü Trend-ə səfirliyin mətbuat xidmətindən məlumat veriblər.
"20 Yanvar xarici müstəmləkə zəncirlərindən qurtuluş, azadlıq və müstəqilliyə qovuşmaq yolunda Azərbaycan xalqının müqavimət hərəkatı olmaqla yanaşı, tarix səhifələrində əbədi həkk olunacaq şərəfli bir iş və xalqın qürur simvoludur", - başsağlığında qeyd olunub.
"Azərbaycanın Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünun davamlı və möhkəm olmasını arzu edir və bildirirəm ki, İran İslam Respublikası bu istiqamətdə hər zaman Azərbaycan Respublikasının hökuməti və xalqını dəstəkləyəcək, - səfir bildirib. - Allahın dərgahından bu faciəli hadisənin qurbanlarına rəhmət və onların ailələrinə səbr diləyirəm".
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Azərbaycan Baş Prokurorluğunun rəsmi məlumatına görə, istintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.