...

İlham Əliyev Gəncə alüminium zavodu kompleksinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 21 Yanvar 2012 14:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü "DET AL" Alüminium MMC-nin Gəncə Alüminium zavodu kompleksinin açılışında iştirak edib.
İlham Əliyev Gəncə alüminium zavodu kompleksinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü "DET AL" Alüminium MMC-nin Gəncə Alüminium zavodu kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı kompleksin maketinə baxdı.

Məlumat verildi ki, "DET AL" alüminium kompleksinin ümumi ərazisi 74 hektardır. Burada birinci faza elektroliz, anod prosesləri, fasiləsiz metaltökmə və isti yayma zavodları, 110 kilovoltluq yarımstansiya, silisium düzləndirici yarımstansiya, elektroliz zavodunun idarəetmə mərkəzi, gil-torpaq qəbulu, quru qaztəmizləmə, kompressor sahələri, dövri su sistemləri və soyutma qüllələri, qazpaylayıcı stansiya, yanğınsöndürmə sistemləri, fülorid, anod və katod karbon bloku anbarları, inzibati bina və laboratoriya binası tikilib. Bu obyektlərin ümumi sahəsi 57 min kvadratmetrdir. Kompleks daxilində uzunluğu 2,1 min metr olan dəmiryol xətti çəkilib, 1200 metr uzunluğunda beton, 2 min metr uzunluğunda asfalt yollar salınıb, 74 hektar ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılıb.

Qeyd edildi ki, 2008-ci ildə dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan kompleksdə məhsul istehsalı 3 zavodda sistemli şəkildə həyata keçirilir. Birinci mərhələdə yeni zavodda ildə 50 min ton ilkin alüminium istehsal edəcək 240 kiloamperlik 84 elektroliz təknəsi quraşdırılıb. Bu təknələrdə yüksək keyfiyyətli A-8, A-7E, A-7, A-6 markalı texniki baxımdan təmiz ilkin alüminium əldə edilir. Zavodda bişmiş anodlu təknələr qurulub. Burada müasir quru qaz-təmizləmə sistemləri vasitəsilə atmosferə atılan tullantıların 98,5 faiz təmizlənməsi həyata keçirilir.

Gəncə "DET AL" alüminium kompleksinin işə başlaması nəticəsində birinci mərhələdə 640 nəfər işlə təmin ediləcək. İşçilərin orta aylıq əmək haqqı 450 manat olacaq. Zavodun tikintisinə Gəncədən və respublikamızın digər regionlarından 2000-dən çox işçi cəlb edilib. Yerli gənc mühəndislər üçün texnologiyanı daha dərindən öyrənmək məqsədi ilə təlimlər təşkil olunub. Elektroliz proseslərindən çıxan maye metal fasiləsiz metaltökmə və isti yayma zavoduna daşınır. Burada hər birinin uzunluğu 60 metr olan və yüksək avtomatlaşdırma səviyyəsinə malik iki tökmə avadanlığı quraşdırılıb. Bu konveyrlərin məhsuldarlığı saatda 20 tona qədərdir və istehsal edilən külçələr "DET.AL AZE" loqotipinə malik olmaqla 22,5 kiloqramdır.

Prezident İlham Əliyev kompleksin elektroliz zavodunda istehsalatda istifadə olunan avadanlığa baxdı. Bildirildi ki, burada beynəlxalq standartlara cavab verən məhsullar hazırlanır. Zavodda istehsala başlanması və davamlılığın təmini üçün tələb olunan keyfiyyətdə xammalın tədarükü vacib məsələlərdən biridir. Bu məqsədlə Niderland, İndoneziya, Çin, Rusiya, Monqolustan, Latviya, Venesuela, Tacikistan kimi ölkələrdən 15 adda xammal gətirilib.

Prezident İlham Əliyev "DET AL" Alüminium MMC-nin Gəncə alüminium zavodu kompleksi ilə bağlı stendlərə və videoçarxa baxdı.

Sonra dövlətimizin başçısı zavodun mərkəzi idarəetmə ofisində oldu. Məlumat verildi ki, burada bütün istehsal prosesi kompyuterlər vasitəsilə avtomatlaşdırılmış şəkildə aparılır. Hər 3 müəssisədə xammalın qəbulundan məhsul istehsalınadək bütün proses dəqiq şəkildə icra olunur. Mövcud idarəetmə sistemi baş verə biləcək bütün nasazlıqların qarşısını almağa qadirdir.

Sonra Prezident İlham Əliyev kompleksin isti metaltökmə və fasiləsiz yayma zavoduna gəldi. Dövlətimizin başçısı zavodu işə saldı, istehsal prosesini izlədi.

Qeyd olundu ki, birinci mərhələdə 100 min ton ilkin alüminium istehsalı üçün tələb olunan bütün obyektlərin tikintisi başa çatdırılıb. İkinci mərhələdə 50 min ton alüminium istehsal edəcək 84 vannadan ibarət elektroliz korpusları, gil-torpaq qəbulu anbarının tikintisi nəzərdə tutulub. Alüminium sənayesinin inkişafı məqsədi ilə ölkəmizdə alüminium yarımfabrikat məhsullarının istehsalını nəzərdə tutan metalyayma layihəsi üçün dövlət tərəfindən 2010-cu ildə güzəştli kredit ayrılıb. Layihə çərçivəsində isti və soyuq metalyayma zavodlarının tikintisi, eləcə də boyama xəttinin qurulması nəzərdə tutulur. Layihənin illik məhsuldarlığı müxtəlif ölçüdə 35 min ton adi alüminium rulon və vərəqlərin istehsalı, 15 min ton məhsulun isə boyanmasından ibarətdir. Burada tikinti sektoru üçün nəzərdə tutulan və sifarişçinin istəyindən asılı olaraq 0,2-0,6 mm qalınlığında müxtəlif rənglərdə alüminium rulonların istehsalı planlaşdırılır. İsti yayma zavodunun tikintisi artıq tamamlanıb və gələn aydan avadanlığın quraşdırılmasına başlanacaq. Soyuq yayma zavodunun isə tikintisinə başlanıb və bu ilin aprelinədək tamamlanaraq avadanlığın quraşdırılmasına başlanılacaq. Ümumiyyətlə, layihənin 2013-cü ilin aprelinədək həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində 300 yeni iş yerinin açılması planlaşdırılır.

Dövlətimizin başçısına məlumat verildi ki, yeni alüminium zavodu ilə yanaşı, Gəncədə poladəritmə kompleksinin tikintisi layihəsi çərçivəsində də bir sıra işlər görülüb. Belə ki, poladəritmə kompleksinin inşa ediləcəyi sahədə torpaq və qazma işləri həyata keçirilib, ərazi təmizlənmiş və tikinti prosesinin başlanması üçün hazır vəziyyətə gətirilib.

Əraziyə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, poladtökmə zavodunun layihələndirmə işləri həyata keçirilib, dəmir filizini zənginləşdirmə, pelet və ardıcıl reduksiya zavodlarından ibarət olan "DET AL" inteqrallaşdırılmış polad layihəsinin inkişaf etdirilməsi istiqamətində layihələndirmə işləri yerinə yetirilib. Burada pelet zavodunun tikintisi işləri davam etdiriləcək, martda istehsal gücü 850 min ton olan yeni "DRI" zavodunun tikintisinə başlanacaq. 2013-cü ildə yeni pelet zavodunun tikintisi başa çatdırılacaq, "DRI" zavodunun tikintisi davam etdiriləcək. Bundan başqa, martda istehsal gücü 750 min ton olan yeni polad zavodunun tikintisinə başlanacaq. 2014-cü ildə yeni "DRI" zavodunun tikintisi başa çatdırılacaq, polad zavodunun tikintisi davam etdiriləcək. 2016-cı ildə isə Gəncədə yeni polad zavodunun tikintisi başa çatdırılacaq. İstehsal olunan məhsullara beynəlxalq sertifikatlar alınacaq. 2012-2016-cı illərdə həyata keçirilən layihəyə 630 milyon dollar investisiya qoyulacaq, işçilərin sayı 3 min 800 nəfərə çatdırılacaq.

Prezident İlham Əliyev Gəncə ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti