...

Mövlud Çavuşoğlu: Fransada qeyri-konstitusion qanun qəbul olunur, amma bu ölkəyə təzyiq göstərilmir

Siyasət Materials 23 Yanvar 2012 16:02 (UTC +04:00)
Bu gün Fransada qeyri-konstitusion, fikir azadlığına zərbə vuran qanun layihəsi qəbul olunur, amma Fransaya bununla bağlı təzyiq göstərilmir.
Mövlud Çavuşoğlu: Fransada qeyri-konstitusion qanun qəbul olunur, amma bu ölkəyə təzyiq göstərilmir

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir M.Əliyev/

Bu gün Fransada qeyri-konstitusion, fikir azadlığına zərbə vuran qanun layihəsi qəbul olunur, amma Fransaya bununla bağlı təzyiq göstərilmir.

Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün öz işinə qış plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında qurumun səlahiyyət müddəti başa çatan prezidenti Mövlud Çavuşoğlu Fransa Senatında müzakirə olunacaq soyqırımla bağlı qanun layihəsinə münasibət bildirərkən deyib.

"Fransa parlamenti tərəfindən qəbul edilən qanun layihəsi bu yaxınlarda Senatın Konstitusiya məsələləri komissiyasında müzakirə edilib və bunun Konstitusiyaya zidd olduğuna dair qərar verilib. Acınacaqlı hal odur ki, Avropanın mərkəzində ifadə azadlığı məhdudlaşdırılır. Bu isə hüquqi dövlət, insan haqları, qanunun aliliyi, demokratiya kimi təməl prinsiplərə tamamilə ziddir. Əgər Ermənistan, Türkiyə, Azərbaycan, Ukrayna və Rusiya soyqırımı inkara görə qanun layihələrini milli parlamentlərinə təqdim edərdilərsə, təsəvvür edirsiniz ki, onlara qarşı hansı təzyiq olardı?" - o deyib.

Çavuşoğlunun sözlərinə görə, Türkiyədən Cinayət Məcəlləsində 301-ci maddənin ləğv olunmasını tələb edirdilər və bunun demokratiyaya zidd olduğunu deyirdilər. Türkiyə bu maddəni ləğv edəcək.

"Bu gün Fransada qeyri-konstitusion, fikir azadlığına zərbə vuran qanun layihəsi qəbul olunur, amma Fransaya bununla bağlı təzyiq göstərilmir. Təəssüf ki, istər Avropa Şurası, istərsə də Avropa İttifaqı səviyyəsində bu vəziyyəti qəbul etmək ifadəsi hiss olunur", - Çavuşoğlu vurğulayıb.

Eks-prezident belə məsələdə ikili standartların aydın şəkildə özünü göstərdiyindən narazılıq bildirib.

"AŞ PA sədri kimi bu məsələyə dair bəyanat vermədim. Sonra bunu AŞ PA-nın türk sədrinin verdiyi bir bəyanat kimi təqdim edəcəkdilər. Ümid edirəm ki, Assambleya qanun layihəsi ilə bağlı reaksiya verəcək və bu qanunun qəbul olunmasını istəmədiyini bildirəcək", - Çavuşoğlu deyib.

Xəbər lenti

Xəbər lenti