...

Qondarma "erməni soyqırımı" haqqında qanun qəbul olunarsa, Fransa-Türkiyə münasibətləri çox ciddi zərər görəcək - Baş nazirin müavini

Siyasət Materials 23 Yanvar 2012 19:20 (UTC +04:00)
Fransada qondarma "erməni soyqırımı"nı inkara görə cəzanı nəzərdə tutan qanun layihəsi qəbul olunarsa, Fransa-Türkiyə münasibətləri bundan çox ciddi zərər görəcək.
Qondarma "erməni soyqırımı" haqqında qanun qəbul olunarsa, Fransa-Türkiyə münasibətləri çox ciddi zərər görəcək - Baş nazirin müavini

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir M.Əliyev/

Fransada qondarma "erməni soyqırımı"nı inkara görə cəzanı nəzərdə tutan qanun layihəsi qəbul olunarsa, Fransa-Türkiyə münasibətləri bundan çox ciddi zərər görəcək. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün öz işinə başlayan qış plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Türkiyə Baş nazirinin müavini Bülənt Arınc Fransa Senatında müzakirə olunan qanun layihəsinə münasibət bildirərkən deyib.

O, Türkiyənin Fransanı nümunəvi bir ölkə olaraq gördüyünü bəyan edib.

"İki ölkə arasında əməkdaşlıq səviyyəsi yaxşı olub. Təəssüf ki, bu gün çıxarılan yanlış qərarlar bu münasibətləri pozmaqdadır. Fransa Senatında müzakirə olunan qanun layihəsi söz azadlığına kökündən zərbə vurur. Bu qanun habelə İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müddəalarına və Avropa Məhkəməsinin çıxardığı qərarlara ziddir. Xaricdə yaşayan erməni diasporu soyqırım iddiasını ortaya atıb və bu gün Fransa parlamentinin tarix yazmaq istəyini anlaya bilmirik", - Arınc deyib.

Onun sözlərinə görə, bu işlə tarixçilər məşğul olmalıdırlar.

"Lakin bu məsələ Fransada daxili siyasi məqsədlər üçün istifadə olunmaqdadır. Bütün bunlar Fransanın tarixinə, keçmişinə yaraşmır. Amma ümid edirik ki, bu gün Senatda qanun layihəsinin müzakirəsində bu yanlışlıq aradan qalxacaq. Əks halda, qanun layihəsi qəbul olunarsa, Fransa-Türkiyə münasibətləri bundan çox ciddi zərər görəcək. Tarixdə yaşananları tarixçilərin ixtiyarına buraxmaq lazımdır. Beş il öncə Türkiyə soyqırım iddiasını araşdırmaq üçün tarixçilərdən ibarət bir komissiyanın yaradılmasını təklif etdi, amma Ermənistan tərəfi bu təklifi rədd etdi. Türkiyə öz keçmişinə bağlıdır və tarixdə baş verənlərlə səmimi olaraq üzləşməyə hazırdır. Birinci Dünya müharibəsində baş verənləri soyqırım kimi təqdim etmək yanlışlıq və vicdansızlıqdır", - o deyib.

Türkiyə rəsmisi ölkəsinin Baş nazirinin "qanun layihəsi qəbul olunarsa, bir daha Fransaya ayaq basmayacağı" fikrinə və xarici işlər naziri Əhməd Davudoğlunun "Türkiyənin B planı da var" ifadəsinə münasibət bildirib.

"Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğanın belə söyləməsi haqqında məlumatım yoxdur. Türkiyənin bununla bağlı A və B planları var. Xarici İşlər Nazirliyimiz və hökumətimiz hüquqi və diplomatik müstəvidə lazım olan tədbirləri görəcək. Türkiyə haqsızlıq və yanlışlıqlara qarşı həmişə zəruri addımları atacaq", - Baş nazirin müavini deyib.

Arınc, həmçinin, qanun qəbul layihəsi qəbul olunarsa, İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət məsələsinə də münasibət bildirib.

"Biz Avropa Məhkəməsinə müraciət edə bilərik. İfadə azadlığı sahəsində hüquqları tapdanmış hər bir insan Avropa Məhkəməsinə müraciət edə bilər. Fransa mətbuatında sözügedən qanunla bağlı Avropa Məhkəməsinə şikayət olunarsa, Məhkəmənin bunun əleyhinə qərar çıxaracağı qeyd olunur. Avropa Məhkəməsinə müraciət etmək təbii haqdırsa, biz bunu edəcəyik", - Arınc deyib.

Xəbər lenti

Xəbər lenti