...

Türkiyə və Fransanın diplomatik münasibətləri minimuma endiriləcək – qəzet

Siyasət Materials 24 Yanvar 2012 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar / Trend, müxbir A.Tağıyeva /

Fransa Senatının "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul etməsi ilə əlaqədar Türkiyə Parisə qarşı əlavə sanksiyaların tətbiqi məsələsini müzakirə edir. Trend-in məlumatına görə, bu barədə "Milliyət" qəzeti yazır.

Qəzetin yazdığına görə, o cümlədən Türkiyə hakimiyyəti Fransa ilə diplomatik münasibətlərin minimuma endirilməsi və öz səfirinin Parisdən geri çağırılması məsələsini də müzakirə edir.

"Nəzərdən keçirilən başqa sanksiyalar arasında Fransa şirkətlərinin Türkiyədəki tenderlərdə iştirakına qadağa, Fransanın hərbi gəmiləri və təyyarələri üçün Türkiyənin hava və dəniz məkanının bağlanması da var. Bundan başqa, Ankara Fransa parlamentinin qəbul etdiyi qərarın ləğvinə nail olmaq üçün beynəlxalq hüququn bütün imkanlarından istifadə etmək niyyətindədir", - "Milliyyət" yazır.

Bu gün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Fransaya qarşı sanksiyaların siyahısını açıqlayacağı gözlənilir.

Dünən Fransa Senatı səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin "lehinə" 127, əleyhinə 86 senator səs verib.

Fransa senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti