...

"Erməni soyqırımı" haqqında qanunun qəbulu Fransada islamofobiyanın əlamətidir - İƏT-in Baş katibi

Siyasət Materials 24 Yanvar 2012 15:27 (UTC +04:00)
Qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulu Fransada islamofobiyanın əlamətlərindən biridir.
"Erməni soyqırımı" haqqında qanunun qəbulu Fransada islamofobiyanın əlamətidir - İƏT-in Baş katibi

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir A.Tağıyeva/

Qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulu Fransada islamofobiyanın əlamətlərindən biridir. Bu barədə çərşənbə axşamı Trend-ə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Ekmələddin İhsanoğlu bildirib.

"Bu qanun demokratiyanın üç əsas prinsipinə - bərabərlik, azadlıq və qardaşlığa ziddir. Qanun artan islamofobiyanın əlamətidir", - İhsanoğlu qeyd edib.

İƏT-in Baş katibi qanunu qəbuledilməz adlandırıb, onun tarixi faktlara söykənmədiyini və ikili standartların tətbiqini nümayiş etdirdiyini bildirib.

Bazar ertəsi Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Fransa Senatının alt palatası ötən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsini təqdim etmişdilər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti