...

Fransanın Azərbaycandakı səfirliyi qarşısında növbəti etiraz aksiyası keçirilib (FOTO)

Siyasət Materials 24 Yanvar 2012 18:07 (UTC +04:00)
"İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə çərşənbə axşamı Bakıda Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Fransanın Azərbaycandakı səfirliyi qarşısında növbəti etiraz aksiyası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.Mehdiyev/

"İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə çərşənbə axşamı Bakıda Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Trend-in məlumatına görə, Fransa Senatında qondarma "erməni soyqırımı"nı inkara görə cəza verilməsini nəzərdə tutan qanunun qəbul edilməsinə etiraz olaraq təşkil olunan aksiyada 40-50 nəfər iştirak edib. Aksiya iştirakçıları "Azərbaycan - Türkiyə", "Fransa, səni ATƏT-in Minsk qrupunda istəmirik", "Sarkozinin iqtisadi böhran planı", "Tarixi həqiqət və demokratiya Fransa Senatı tərəfindən yandırıldı" şüarları səsləndiriblər.

Etirazçılar Fransa səfirliyinin qarşısında bəyanatla çıxış ediblər.

İctimai Birliyinin baş katibi Rauf Mərdiyev bildirib ki, Fransa Senatı bu qanunu qəbul etməklə tarixi yanlışlığa imza atdı. "Biz bu çirkin addıma öz etirazımızı bildiririk və qardaş Türkiyə ilə daim bir yerdə olduğumuzu nümayiş etdiririk", - o deyib.

Qeyd edək ki, bir sıra ictimai, qeyri-hökumət təşkilatları Fransa Senatının qəbul etdiyi qanuna etiraz əlaməti olaraq bu ölkənin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Bazar ertəsi Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə 86 senator səs verib.

Fransa senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsini təqdim etmişdilər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti