Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/
Qərb ölkələrindəki demokratiya böyük yalandır. Trend-in IRINN telekanalına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Tehranda Beynəlxalq İslami Birlik Konfransında çıxış edən İran Prezidenti Mahmud Əhmədinejad deyib.
Əhmədinejadın sözlərinə görə, ABŞ administrasiyasının bütün qərarlarının arxasında İsrail dayanır.
"Bu rejimlər dünyada güc və hakimiyyət vasitəsilə dominantlıq etmək qərarına gəliblər", - o bildirib.
İran Prezidenti, həmçinin ABŞ-ı digər ölkələrin müflis olmasında günahlandırıb.
"Dollar ehtiyat dünya valyutası qismində buraxılıb, lakin heç bir zəmanət vermir. ABŞ-ın Federal Ehtiyat Sistemi kağız pullar çap edir, hesablarda sıfırları artırır və başqalarının pullarını oğurlayır, - Əhmədinejad vurğulayıb. - Dünya əhalisinin sayı təxminən 7 milyard nəfərdir, onlardan 3 milyardı aclıqdan əziyyət çəkir, 1,2 milyardı isə gündə bir dəfə qidalana bilmir. Hər yerdə qəddarlıq, təcavüz və korrupsiya var, lakin təhlükəsizlik və ədalət yoxdur", - prezident bildirib.
O, sözlərinə Afrikanın bir çox xalqlarının vəziyyəti ilə aydınlıq gətirib. "Afrika zəngin verlərdən biridir. Lakin bu gün insanlar orada yoxsulluq içində yaşayırlar", - Əhmədinejad deyib.
Qərb ölkələrinə gəlincə, Əhmədinejad bəyan edib ki, orada, o cümlədən ABŞ-da müstəqillik yoxdur.
"Onlar parlament yaradırlar və seçkilər keçirirlər. Lakin ən yaxşı halda bu seçkilərdə əhalinin təxminən 50 faizi iştirak edir", - o əlavə edib.
Əhmədinejad onu da qeyd edib ki, avropalılar, xüsusilədə İsrail öz ideallarını təkcə müsəlmanlara deyil, bütün insanlığa sırımağa davam edir.