...

Siyavuş Novruzov: İsa Qəmbər başqanlıq seçimləri ilə bağlı manipulyasiyalar edir

Siyasət Materials 9 Fevral 2012 13:50 (UTC +04:00)
Son zamanlar Müsavat Partiyasının sədri İsa Qəmbər başqanlıq seçimləri ilə bağlı manipulyasiyalar edir.
Siyavuş Novruzov: İsa Qəmbər başqanlıq seçimləri ilə bağlı manipulyasiyalar edir

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir E.Mehdiyev/

Son zamanlar Müsavat Partiyasının sədri İsa Qəmbər başqanlıq seçimləri ilə bağlı manipulyasiyalar edir. Trend-in məlumatına görə, bunu Yeni Aərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov partiyanın rəsmi saytına müsahibəsində deyib.

"Aydın məsələdir ki, bu praktikanı İsa Qəmbər hələ Xalq Cəbhəsi dövründən həyata keçirirdi. O zamanlar da Xalq Cəbhəsinin daxilində intriqalar yaratmışdı, oranı parçalayıb müxtəlif insanları üz-üzə qoymuşdu. Bunun nəticəsində isə Zərdüşt Əlizadə, Etibar Məmmədov və bu kimi bir qrup insanlar Xalq Cəbhəsindən ayrıldı. Bu formada o, Xalq Cəbhəsinin tərkibində özünün partiyasını yaratmağa nail oldu", - Novruzov deyib.

Onun sözlərinə görə, o zaman Şimali Azərbaycan Demokratik Partiyasını yaradan və Ali Sovetin sədri işləyən İsa Qəmbər sonradan öz vəzifə səlahiyyətlərindən istifadə edərək Mənsur Əliyevin yaratdığı Müsavat Partiyasını ələ keçirdi. Bu gün də Müsavatda analoji proses həyata keçirilir.

"Diqqət yetirəndə görürük ki, vaxtilə Müsavat sədrliyinə layiq ola biləcək insanların hamısı oradan uzaqlaşdırılıb. Məsələn, Sülhəddin Əkbər, İbrahim İbrahimli onun-bunun əliylə, təhqirə məruz qoyularaq oradan uzaqlaşdırıldı, Vurğun Əyyub birinci müavin ola-ola proseslərdən və partiyadan kənarlaşdırıldı. Bu gün Arif Hacıyevin həbsxanadan çıxmamasını ən çox arzulayan elə İsa Qəmbərdir", - Novruzov deyib.

Onun sözlərinə görə, çünki bircə o sədrliyə namizədliyini irəli sürə bilər, yerdə qalanların hər biri ən yaxşı halda 20-30 səs qazanmaq gücünə malikdir.

"O insanlar Müsavata sədrlik etmək qabiliyyətində deyillər. Bu baxımdan İsa Qəmbər başqanlıqdan ikiəlli yapışıb bu cür oyunlardan çıxır. Onun planı 2013-cü ilə qədərdir. Ona görə yox ki, prezidentliyə namizədliyini irəli sürmək istəyir, ona görə ki, ayrı-ayrı beynəlxalq təşkilatlardan yenidən maliyyə dəstəyi almaq fikrindədir. Bununla isə o sadəcə, öz maliyyə vəziyyətini düzəltməyə çalışır", - Novruzov qeyd edib.

Müsavat Partiyasının qurultayı martın əvvəlində keçiriləcək. Qurultayda İsa Qəmbərin başqanlıqda qalıb-qalmaması məsələsi müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti