...

Azərbaycan XİN: Fransa Ermənistanı dəstəkləməkdə davam edərsə, onun Minsk qrupunda üzvlüyünün mənası olmayacaq

Siyasət Materials 10 Fevral 2012 18:07 (UTC +04:00)
Əgər Paris "erməni soyqırımı" haqqında qanunu saxlamaqla Ermənistanı dəstəkləməkdə davam edəcəksə, Fransanın ATƏT-in Minsk qrupunda üzvlüyünün heç bir mənası olmayacaq.
Azərbaycan XİN: Fransa Ermənistanı dəstəkləməkdə davam edərsə, onun Minsk qrupunda üzvlüyünün mənası olmayacaq

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir A.Tağıyeva/

Əgər Paris "erməni soyqırımı" haqqında qanunu saxlamaqla Ermənistanı dəstəkləməkdə davam edəcəksə, Fransanın ATƏT-in Minsk qrupunda üzvlüyünün heç bir mənası olmayacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin "ABHaber" nəşrinə müsahibəsində bildirib.

"Fransa Ermənistanı dəstəkləyə bilər, lakin belə olan halda ölkənin ATƏT-in Minsk qrupunda iştirakının davam etməsinin mənası olmayacaq", - o bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın 20 faiz torpağı hələ də Ermənistanın işğalı altındadır. Məmmədyarov qeyd edib ki, əgər Fransa qondarma "erməni soyqırımı" haqqında qanunu qəbul etsə, ölkə Azərbaycan ərazilərinin işğalı məsələsinə də baxmalıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Ermənilərin özləri Xocalıda soyqırım törədiblər və Azərbaycan torpaqlarını işğal ediblər. Fransa Ermənistanın bu cinayətlərini nəzərdən keçirməlidir", - nazir qeyd edib.

O, Fransa Senatının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu qəbul etməsinin yolverilməz olduğunu da bildirib.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti