...

XİN rəsmisi: Azərbaycan və İran arasında bir çox sahələrdə ortaqlıqlar mövcuddur

Siyasət Materials 2 Mart 2012 16:43 (UTC +04:00)
İran və Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən mədəniyyət, tarix, dil, din baxımından ortaqlıqlar mövcuddur, lakin iki ölkə arasında əlaqələrin səviyyəsi qənaətbəxş deyil
XİN rəsmisi: Azərbaycan və İran arasında bir çox sahələrdə ortaqlıqlar mövcuddur

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir T.Cəfərov/

İran və Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən mədəniyyət, tarix, dil, din baxımından ortaqlıqlar mövcuddur, lakin iki ölkə arasında əlaqələrin səviyyəsi daha qənaətbəxş olmalıdır. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda jurnalistlərə İran Xarici İşlər Nazirliyinin Beynəlxalq Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Mustafa Dövlətyar bildirib.

"Əlaqələr daha yüksək səviyyədə olmalıdır. İqtisadi sahədə iki ölkə arasında münasibətlər aşağıdır və əlaqələr qat-qat artırılmalıdır. Elm və mədəniyyət sahəsində də əməkdaşlıq çox yüksək deyil. Təəssüflər olsun ki, bəzi üçüncü qüvvələr var ki, iki ölkə arasında əlaqələrin inkişafına maneçilik törədirlər", - Dövlətyar deyib.

Onun sözlərinə görə, iki ölkənin siyasətçiləri, düşüncə sahibləri, mütəfəkkirləri, ziyalıları bu maneələrin aradan qaldırılması və iki ölkə münasibətlərinin inkişaf etdirilməsi istiqamətində lazımi yolları axtarıb tapmalıdırlar.

"Fikrimcə, iki ölkənin araşdırma mərkəzləri bu yolların tapılmasında effektiv rola malik ola bilərlər. Biz İranda qabaqcıl siyasi və beynəlxalq tədqiqat mərkəzi kimi hazırkı səfərimiz çərçivəsində azərbaycanlı dostlarımızla görüşlərimizdə hər bir sahədə əməkdaşlıq və köməyə hazır olduğumuzu bildirmişik", - o deyib.

Dövlətyarın sözlərinə görə, bir çoxları var ki, Azərbaycan və İran arasındakı isti münasibətləri və bu iki ölkənin sabitlik, sülh və rifah içində yaşamasını istəmirlər. Üçüncü tərəflər bəzi vaxtlar birbaşa müdaxilə edir, bəzi vaxtlar da öz ünsürlərini, ifratçıları ölkələrin daxilində qızışdıraraq müxtəlif maneələr törətməyə çalışırlar. İfratçı qüvvələrin fəaliyyəti və mətbuatda mənfi təbliğatı nəticəsində çalışırlar ki, iki ölkənin münasibətlərinə kölgə salsınlar və zəfilətsinlər.

Xəbər lenti

Xəbər lenti