...

İranda parlament seçkilərinin II turunun keçirilmə vaxtı məlum olub

Siyasət Materials 17 Mart 2012 12:37 (UTC +04:00)
İranda parlament seçkilərinin ikinci turu may ayının 4-də keçiriləcək.
İranda parlament seçkilərinin II turunun keçirilmə vaxtı məlum olub

Azərbaycan, Bakı, 17 mart /Trend müxbir T.Cəfərov/

İranda parlament seçkilərinin ikinci turu may ayının 4-də keçiriləcək. Bu barədə Trend şənbə günü "Mehr" xəbər agentliyi məlumat verir.

İranda parlament (İran İslami Məşvərət Məclisi) seçkilərinin birinci turu 2012-ci il mart ayının 2-də keçirilib.

Parlament seçkilərində 3 467 namizəd mübarizə aparıb. Seçkilər ümumilikdə 207 seçki dairəsi üzrə 46 062 məntəqədə keçirilib.

İran KİV-lərinin məlumatına görə, İranda seçki hüququna malik əhalinin 65 faizi parlament seçkilərində iştirak edib. 30-dan çox seçki dairəsində, o cümlədən paytaxt Tehranda seçkilərin ikinci turu keçiriləcək.

Bundan əvvəl İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar seçkilərin ikinci turunun aprel ayının sonlarında keçiriləcəyini demişdi.

İranda VIII çağırış parlament seçkiləri 14 mart 2008-ci ildə keçirilib. Əli Laricaninin sədrlik etdiyi Məclisdə hazırda 290 deputat var.

İran parlamentinin ilk iclasının hicri şəmsi təqvimlə 1391-ci il xordad ayının 7-də (27 may 2012-ci il) keçirilməsi nəzərdə tutulur.

İran DİN seçkinin nəticələrini açıqladıqdan sonra qələbə qazanmış nümayəndələr seçki dairələri üzrə nəticələrin Nəzarət Şurası tərəfindən təsdiq edilməsini gözləməlidirlər. Bəzən Nəzarət Şurası seçki dairələrinin nəticələrini etibarsız hesab edir.

Xəbər lenti

Xəbər lenti