Azərbaycan, Bakı, 30 mart / Trend müxbir M.Əliyev/
TÜRKPA nümayəndə heyəti 31 mart - 5 aprel tarixləri arasında Uqandanın paytaxtı Kampala şəhərində keçiriləcək 155 ölkənin parlamentini və bir çox beynəlxalq təşkilatları özündə birləşdirən Beynəlxalq Parlamentlər İttifaqının 126-cı Sessiyasında iştirak edəcək. Bu barədə Trend-ə TÜRKPA-nın mətbuat xidmətindən bildirilib.
Nümayəndə heyətinə Azərbaycan Parlamentinin TÜRKPA-dakı nümayəndə heyətinin üzvü və Beynəlxalq Parlamentlərarası İttifaqdakı rəhbəri, millət vəkili İlham Əliyev rəhbərlik edəcək.
TÜRKPA tədbirdə Beynəlxalq Parlamentlər İttifaqında müşahidəçi statusu ilə təmsil olunur.
Həmçinin TÜRKPA baş katibinin müavini Kürşad Melih Sarıarslan Beynəlxalq Parlamentlər İttifaqının 126-cı Sessiyası ilə paralel olaraq keçiriləcək Parlamentlərin Baş Katibləri Assosiasiyasının növbəti iclasında iştirak və çıxış edəcək.