...

Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq səviyyədə mühüm tərəfdaşa çevrilib (FOTO)

Siyasət Materials 3 Aprel 2012 16:09 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq səviyyədə mühüm tərəfdaşa çevrilib
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq səviyyədə mühüm tərəfdaşa çevrilib (FOTO)

Aprelin 3-də Bakıda, Azərbaycan Respublikası Milli Məclisinin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Sessiyanı açan Milli Məclisin sədri Oqtay Əsədov bu tədbirin Avropa İttifaqının hüdudlarından kənarda - Bakıda keçirilməsini böyük uğur kimi dəyərləndirdi. Bildirdi ki, sessiyada müzakirə ediləcək məsələlər və qəbul olunacaq qərarlar qurumun gələcək fəaliyyətinə öz töhfəsini verəcək.

Azərbaycan Prezidenti sessiyada nitq söylədi.

Dövlətimizin başçısı Avronest PA-nın Avropa İttifaqının hüdudlarından kənarda keçirilməsini böyük cəsarətli qərar kimi xarakterizə etdi.

"Bu sessiya bizim tərəfdaşlıq ruhumuzu göstərir", - deyən Prezident İlham Əliyev bildirdi ki, tədbir Avropa təsisatları ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrini daha da gücləndirəcək.

Azərbaycanda müstəqillik illərində qazanılan nailiyyətlərdən, həyata keçirilən islahatlardan danışan Prezident İlham Əliyev əldə olunan hüquq və azadlıqların artıq müasir Azərbaycanın reallıqlarına çevrildiyini dedi.

Azərbaycan Prezidenti son 20 ildə ölkəmizdə dövlətçiliyin möhkəm əsaslarının qoyulduğunu diqqətə çatdırdı. Bildirdi ki, xalqımızın güclü iradəsi sayəsində ölkədə iqtisadi, siyasi islahatlar həyata keçirilmiş, möhkəm iqtisadi zəmin yaradılmışdır.

Son 8 ildə iqtisadiyyat 8 dəfə, ümumi daxili məhsul 300 dəfə artmış, yoxsulluğun səviyyəsi azalmış, 1 milyondan çox yeni iş yeri açılmışdır. Azərbaycan adambaşına düşən xarici sərmayələrə görə hazırda MDB-də ilk yerlərdədir. Bundan əlavə, ölkədə xarici sərmayələr üçün münbit şərait yaradılmışdır. İndi Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir, ölkədə mindən artıq məktəb, çoxlu sayda tibb ocağı, olimpiya idman kompleksləri tikilmişdir.

"Məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir və biz bunu edəcəyik", - deyən Prezident İlham Əliyev buna ölkədə mövcud olan aydın siyasi sistem, güclü iqtisadiyyat, sabit sosial siyasət, əlverişli coğrafi mövqe və digər mühüm amillər sayəsində nail olunacağını diqqətə çatdırdı.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin yeganə problemi olduğunu dedi. Bildirildi ki, 300 minə yaxın azərbaycanlı Ermənistandan, 700 mindən artıq azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf rayonlardan qovulmuş, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Ermənistan işğal etdiyi ərazilərdən çıxmaq istəmir.

İşğal edilən torpaqlarda hər şey yerlə-yeksan olunmuş, məscidlər və qəbiristanlıqlar dağıdılmış və bütün bunlar ATƏT-in faktaraşdırıcı missiyasının hesabatlarında da əksini tapmışdır. Ermənilər Xocalıda aralarında qadın və uşaqların da olduğu 613 dinc azərbaycanlını qətlə yetirmişlər.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalı, BMT-nin qətnamələri yerinə yetirilməli, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar.

Dövlətimizin başçısı Azərbaycanda çoxmillətli cəmiyyətin mövcud olduğunu, ölkəmizdə heç vaxt dini və etnik zəmində münaqişənin baş vermədiyini vurğuladı. Ölkəmizin müəllifi olduğu nəhəng enerji və nəqliyyat layihələrindən danışan Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan bu gün enerji təhlükəsizliyinin formalaşmasında mühüm tərəfdaş kimi çıxış edir və bu siyasət milli maraqlara uyğun qurulur.

"Biz müxtəlif neft-qaz dəhlizləri yaratmaqla Xəzər dənizini Qara dənizlə və Aralıq dənizi ilə birləşdirdik və bu infrastrukturdan qonşuların istifadəsi üçün imkanlar yaratdıq", - deyən Prezident İlham Əliyev indi Azərbaycanın dünyada mühüm qaz təchizatçısına və Avropa üçün etibarlı tərəfdaşa çevrildiyini qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq səviyyədə mühüm tərəfdaşa çevrildiyini, ölkəmizin dünyada güclü dəstəyinin olduğunu dedi. Əlavə etdi ki, bunu Azərbaycanın ötən ilin oktyabrında BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən səsvermədə 155 ölkənin dəstəyini alması təsdiq edir.

Azərbaycan Prezidenti bir daha sessiyanın işinə uğurlar arzuladı.

Sonra Avropa Parlamentinin sədri Martin Şultsun sessiya iştirakçılarına videomüraciəti nümayiş etdirildi.

Xəbər lenti

Xəbər lenti