...

Rusiya Federal Şurasının sədri İçərişəhərdə olub (FOTO)

Siyasət Materials 9 Aprel 2012 18:04 (UTC +04:00)
Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Federal Şurasının sədri xanım Valentino Matvienko İçərişəhərdə olub.
Rusiya Federal Şurasının sədri İçərişəhərdə olub (FOTO)

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Federal Şurasının sədri xanım Valentino Matvienko İçərişəhərdə olub.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, qonağı qarşılayan İdarə rəisi Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin İçərişəhərə göstərdiyi diqqət və qayğısı barədə məlumat verib, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İçərişəhərin qorunmasında rolu barədə danışıb.

Qonağın Bakının qədim hissəsi ilə tanışlığı YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş Bakının simvolu olan əzəmətli Qız Qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə dolğun məlumat verilməsi ilə başlayıb və yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekpozisiya ilə tanışlıqla davam edib.

Matvienko qədim Bakının ticarət əlaqələrindən xəbər verən karvansaralardan biri olan XV əsrin yadigarı Buxara karvansarasında olub, ona karvansaralar və onların təyinatı barədə informasiya verilib.

Gəzinti elektromobillərlə davam edib, Kiçik Qala küçəsində qonaq Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinin dadına baxıb.

Daha sonra nadir memarlıq incisi olan "Şirvanşahlar Sarayı Kompleksi"ndə olan qonağa Azərbaycanın qədim dövlətçilik tarixi və kompleksin inşaat-memarlıq xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilib.

Sonda Rusiya Federasiyası Federal Məclisinin Federal Şurasının sədri xanım Valentino Matvienko Kiçik Karvansara abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Bağı"nda rəssamlar tərəfindən müxtəlif üslublarda hazırlanmış hücrələrə tamaşa edib və İçərişəhərin Fəxri qonaqlar kitabına ürək sözlərini qeyd edib.

Xəbər lenti

Xəbər lenti