...

Əli Həsənov: Azərbaycan 2001-ci ildən Avrasiya İqtisadi Zirvə Toplantısında fəal iştirak edir (FOTO)

Siyasət Materials 11 Aprel 2012 20:37 (UTC +04:00)
İstanbuldakı Lütfi Kırdar Konqres Mərkəzində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XV Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir.
Əli Həsənov: Azərbaycan 2001-ci ildən Avrasiya İqtisadi Zirvə Toplantısında fəal iştirak edir (FOTO)

Azərbaycan, Bakı, 11 aprel /Trend/

İstanbuldakı Lütfi Kırdar Konqres Mərkəzində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XV Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir. Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edir.

Zirvə Toplantısından əvvəl Azərbaycanın təşkilatçılığı ilə 48 ölkədən gəlmiş 300-dən çox prezident, baş nazir, nazirlər və hökumət nümayəndələrinin iştirak etdiyi "Azərbaycan gecəsi" keçirilib. Gecədə "Evrovision 2011" mahnı müsabiqəsinin qalibləri Nigar Camal və Eldar Qasımovun, müğənni Tünzalə Ağayevanın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub. Gecənin iştirakçıları incəsənət ustalarımızın ifasını böyük maraqla qarşılayıblar. İstanbul valisi Hüseyn Mutlu Tünzalə Ağayevaya xatirə hədiyyəsi təqdim edib.

Zirvə Toplantısının açılışında UNESCO-nun baş direktoru İrina Bokovanın videomüraciəti göstərilib.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri İlham Əliyevin Zirvə Toplantısının iştirakçılarına müraciətini oxuyub.

Professor Əli Həsənov AzərTAc-a müsahibəsində bildirib ki, 2001-ci ildən Azərbaycan 15 il əvvəl 7 ölkənin iştirakı ilə başlayan, indi isə iştirakçı dövlətlərin sayı 48-ə çatan bu Zirvə Toplantısında fəal iştirak edir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri olub. Prezident İlham Əliyev də keçən il bu vəqfin fəxri sədri seçilib. Dövlətimizin başçısı bu Zirvə Toplantısına da təbrikini göndərib. Bu il 48 ölkədən 300-dən çox nümayəndə, o cümlədən prezident, baş nazir, nazirlər, millət vəkilləri və biznes strukturlarının təmsilçiləri "Azərbaycan gecəsində" iştirak edib, ölkəmizi daha yaxından tanıyıblar. Zirvə toplantılarının təkcə iştirakçısı deyil, eyni zamanda, təşkilatçısı da olan Azərbaycanın nümayəndə heyəti hər il mövzu dairəsi genişləndirilən bu toplantılarda istər tribunadan, istərsə də ikitərəfli görüşlərdə ölkəmizin haqq səsini çatdırır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, respublikamızın bölgədə həyata keçirdiyi transmilli layihələri gündəmə gətirir.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver bildirib ki, Avrasiya İqtisadi Zirvə Toplantısı bu il bürünc ildönümünü qeyd edir. Hər il olduğu kimi, bu il də Azərbaycan Zirvə Toplantısının işində ən fəal ölkə kimi iştirak edir.

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Monteneqro Prezidenti Filip Vuyanoviç, Makedoniya Prezidenti Gyorge İvanov, İstanbul valisi Hüseyn Mutlu, millət vəkilləri çıxış edərək Zirvə Toplantısının əhəmiyyətindən bəhs edib, tədbirin işinə uğurlar diləyiblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Zirvənin mədəniyyətlərarası dialoq toplantısında sədrlik və çıxış edib. Şeyxülislam bildirib ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev islam dininin dəyərlərinə böyük diqqət yetirdikləri kimi, başqa dinlərin və etiqadların nümayəndələrinə də hər zaman qayğı ilə yanaşıblar. Təsadüfi deyil ki, bütün mötəbər beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan bu sahədə ən tolerant ölkə kimi göstərilir. Mədəniyyətlərarası dialoqun möhkəmlənməsi üçün bütün xalqlar, din xadimləri bir-biri ilə qarşılıqlı anlaşma şəraitində sıx əlaqələr qurmalıdırlar.

Toplantıda Azərbaycan Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov, təhsil naziri Misir Mərdanov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edirlər.

Zirvə Toplantısında professor Əli Həsənov və əməkdar jurnalist Xalid Niyazovun müəllifi olduqları "Avrasiya zirvələri: Azərbaycandan baxış" kitabı da nümayəndə heyətlərinə təqdim olunub. Kitabda ümummilli liderimiz Heydər Əliyev və Prezident İlham Əliyevin Avrasiya İqtisadi Zirvə toplantıları ilə bağlı materiallar, Azərbaycan nümayəndə heyətinin bu tədbirlərdə iştirakı əksini tapıb.

XV Avrasiya İqtisadi Zirvə Toplantısı öz işini aprelin 12-də İzmirdə davam etdirəcək. Enerji mövzusunda keçiriləcək bu tədbirdə Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərov çıxış edəcək. Həmin gün XV Zirvə Toplantısının işinə yekun vurulacaq, Azərbaycan nümayəndə heyətinin İzmirin iş adamları ilə görüşü keçiriləcək.

Xəbər lenti

Xəbər lenti