...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Parisdə "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 12 Aprel 2012 11:55 (UTC +04:00)
Parisdə Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olub. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Parisdə "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisinin açılışında iştirak edib (FOTO)

Parisdə Heydər Əliyev Fondunun və "Baku" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" mövzusunda sərginin açılışı olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyeva, o cümlədən Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran mərasimdə iştirak etmişlər.

"Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisi Londondan sonra bu dəfə Parisdə açılmışdır. Sərgiyə olan marağı Fransa paytaxtının mərkəzi küçələrində vurulan reklam lövhələrindən də görmək olurdu.

Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan sərgi Parisin məşhur Salomon de Rotşild malikanəsində açıldı. Bu da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun viste-prezidenti Leyla Əliyevanın fəaliyyətlərində mədəniyyətimizin təbliğinin prioritet istiqamət olduğunu bir daha təsdiqlədi.

Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən bu sərgini Şərq ilə Qərb mədəniyyətlərinin qovuşmasından ilhamlanan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi də qiymətləndirmək olar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə çıxış edərək bildirdi ki, sərgidə nümayiş olunan əsərlərdəki dinamizm və yaradıcılıq ruhu bu gün Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir.

"Mənim ölkəm misli görünməmiş inkişaf dövrü yaşayır və bu, özünü müasir incəsənət sahəsində daha da qabarıq göstərir", - deyən Leyla Əliyeva Azərbaycanın qədim tarixindən, eləcə də indi Parisdə də satışda olan "Baku" jurnalından danışdı, bu nəşrdə gənc rəssamlara da yer ayrıldığını vurğuladı.

Leyla Əliyeva sərgidə təqdim edilən əsərlər və rəssamlar haqqında məlumat verərək dedi:

"Burada Azərbaycandan 21 rəssam iştirak edir. Onlardan bəziləri gəncdir, bu işə yeni başlayıblar, bəziləri isə bu sənətlə çoxdan məşğul olurlar və tanınmış rəssamlardır. Bizim burada 100-dən çox əsərimiz - videolar, installyasiyalar, rəsm əsərləri, performanslar və fotoşəkillər nümayiş olunur. Burada maraqlı cəhət ondan ibarətdir ki, bu əsərlərin əksəriyyəti məhz "Bakıya uçuş" sərgisi üçün yaradılmışdır və ilk dəfədir ki, nümayiş olunur. Biz bu sərgini bütün Avropada nümayiş etdirməyi planlaşdırırıq, Nyu-Yorkda da təşkil edəcəyimizə ümid vardır və sərgiyə Bakıda yekun vuracağıq".

May ayında Bakının "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edəcəyini deyən Leyla Əliyeva mərasimdə iştirak edənləri şəhərimizə və onun gözəlliklərini görməyə dəvət etdi.

Sərginin kuratoru Erve Mikaeloff isə vurğuladı ki, bu sərgi zənginliyi ilə diqqət çəkir və burada təqdim edilən əsərlər orijinallığı ilə seçilir.

"Azərbaycan incəsənətinin dərin tarixi kökləri vardır", - deyən Erve Mikaeloff bu cür tədbirlərin ölkəmizin dünyada daha yaxşı tanıdılmasına kömək etdiyini vurğuladı. O, bu sərginin keçirilməsində böyük əməyi olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirdi.

Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisi ilə tanış oldular.
Sərginin iştirakçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da adı vardır. Onun müəllifi olduğu illüstrasiyalardan gələcəkdə rus və ingilis dillərində işıq üzü görəcək "Biri var idi, biri yox" nağıl kitabında istifadə ediləcəkdir. Leyla xanım Əliyevanın müəllifi olduğu "Nar", "Nar ağacı", "Həyat davam edir" və digər rəsm əsərləri də orijinallığı ilə iştirakçıların qəlbinə yol tapır.

Sərgidə gənc rəssamlardan Aida Mahmudovanın əsəri də üslubu ilə iştirakçıları özünə cəlb edə bildi. Müəllif əsərində keçmiş həyatı, rastlaşdığı hadisə və hissləri indiki zamanda təqdim edir.

Bundan əlavə, sərgidə tanınmış rəssamlar Altay Sadıqzadə, Ənvər Əsgərov, Mirnadir Zeynalov, ümumilikdə 21 müəllifin təsviri incəsənət, qrafika, heykəltəraşlıq, fotoqrafiya, video-art kimi müxtəlif istiqamətlərdə işləri təqdim edilir. Əsərlərin hər biri orijinallığı, bədii üslubu ilə maraq doğurur. Bir-birindən maraqlı, fərqli avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun təcəssüm tapdığı əsərlərin bir məkanda təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları diqqət çəkir.

Sərgidə, həmçinin müxtəlif illərdə Venesiya Biennalesində Azərbaycanı təmsil edən rəssamların, eləcə də xarici ölkələrdə yaşayan gənc fırça ustalarının, beynəlxalq nüfuzlu tədbirlərdə iştirak edən sənət adamlarının əsərləri də nümayiş olunur. Buradan aydın görünür ki, Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində reallaşdırdığı bu layihələr nəticəsində zəngin Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkəmizin istedadlı gəncləri də dünyada tanınır və qəbul edilir.

Bu orijinal sərgidə nümayiş olunan əsərlər bir daha sübut etdi ki, incəsənətin imkanları sonsuzdur və o, heç bir məhdudiyyət tanımır. Avanqard çalarlar ilə zəngin olan bu sərginin ovqatı həm də onu təsdiqləyir ki, Azərbaycanda mədəniyyətə və sənətə hər zaman böyük diqqət olmuşdur. Ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda müntəzəm tədbirlər həyata keçirilir.

Beləliklə, Parisdə açılan sərgi Azərbaycan mədəniyyətinin və milli bənzərsizliyimizin nümayişi üçün daha bir imkan oldu. Yüzlərlə xarici vətəndaş mədəniyyətimizin zəngin və sehrli aləmini heyranlıqla seyr etdi. Aprelin 21-dək davam edəcək bu genişmiqyaslı və müxtəlif istiqamətli sərgiyə göstərilən maraq deməyə əsas verir ki, bu tədbirin uğuru Parisin mədəni həyatında geniş əks-səda doğurdu və əsl hadisəyə çevrildi. Bu cür sərgilərin gələcəkdə Moskva, Berlin, Roma, Nyu-York və Bakıda keçirilməsi nəzərdə tutulmuşdur.

Sərgi ilə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından tədbirdə iştirak edən qonaqların şərəfinə ziyafət verilib.

Ziyafətdə Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış ediblər.

"Xanım Əliyeva, icazə verin Sizi kiçik nitqimlə burada bir daha salamlayım. Bu axşam keçirilən sərgidə təşkilatçılıq işlərində xüsusi rol oynamış qızınız Leylanın burada olmağını qeyd etmək istərdim. Sizin simanızda biz Azərbaycanın mədəni həyatının görkəmli şəxsiyyətini, ölkəmizin dostunu görürük" Frederik Mitteran çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilmiş "Fransa inciləri" sərgisi bizim üçün xüsusi əhəmiyyət kəsb edirdi.

"Bilirik ki, bu işdə Sizin böyük əməyiniz olmuşdur. Bundan əlavə, Bakıdakı Müasir İncəsənət Muzeyi mədəni tədbirlərin təşkil edilməsində də çox fəaldır. Bilirik ki, Bakıda Xalça Muzeyinin binası tikilir. İşlər başa çatdırıldıqdan sonra onun dünyada ən gözəl xalça muzeylərindən birinə çevriləcəyinə əminik.

Bu gün keçirilən "Bakıya uçuş" sərgisinin əsas məqsədi gənc rəssamlar nəslinin yaratdığı əsərləri nümayiş etdirməkdir. Bu sərgi öz xüsusiyyətləri ilə seçilən incəsənətə xüsusi marağı olan Paris ictimaiyyəti üçün təşkil olunmuşdur. Bu təşəbbüsə və sərginin keçirilməsinə verdiyiniz dəstəyə görə, Sizə öz həmkarlarım və Fransa hökuməti adından dərin təşəkkürümü bildirirəm.

Hörmətli xanım Əliyeva, bu gün axşam bizimlə olmağınızdan fərəh hissi duyuram. Bu gün axşam müğənnimiz Patrisia Kaas və Fransanın muzey işçiləri bizimlədir. Burada Fransanın Muzeylər Şurasının sədri cənab Kruzeli görürəm. O, Bakıda keçirilmiş "Fransa inciləri" sərgisinin təşkil edilməsində xüsusi rol oynamışdır. Xüsusilə burada Filip Kostamanyanın iştirakını qeyd edərdim. Bildiyiniz kimi, bu şəxs Bakıda keçirdiyimiz sərginin bələdçisi olmuşdur. O sərgi çox uğurlu keçmişdir. Bu axşam isə Parisdə açdığımız sərginin artıq uğurla baş tutmasından danışmaq olar.
Hörmətli xanım Əliyeva! Siz keçirdiyimiz bu tədbirlərin hamısında iştirak edirsiniz. Bu gün bizimlə olduğunuza görə bir daha minnətdaram və bundan məmnunam" Mitteran çıxışında əlavə edib.

Mehriban xanım Əliyeva isə çıxışında deyib:

"İlk növbədə mən sizin hamınızı bu axşam burada salamlayıram və bu gün bizimlə olduğunuza görə sizə dərin minnətdarlığımı çatdırıram.

Cənab nazir, sizə mənim fəaliyyətim, Azərbaycan haqqında dediyiniz xoş sözlərə görə xüsusi minnətdarlığımı bildirirəm.

Doğrudan da bu gün Fransanın paytaxtı Parisdə belə bir sərginin keçirilməsi Azərbaycanın mədəni həyatında böyük bir hadisədir. Çünki Paris təkcə Fransanın yox, demək olar ki, bütün dünyanın mədəniyyət paytaxtıdır. Bu sərgi ilk dəfə Londonda nümayiş olunmuşdur. Bu gün Parisdə göstərilir. Sonra dünyanın digər ölkələrinin paytaxtlarında da nümayiş olunacaqdır. Mən sərginin hazırlanmasında əməyi olan bütün insanlara dərin minnətdarlığımı bildirirəm. Şəxsən bizim gənc, doğrudan da istedadlı rəssamların adından sizə dərin minnətdarlığımı çatdırıram. Mən ümidvaram ki, bu sərgi ölkəmizin zəngin mədəniyyətini, mədəni irsini Fransada daha da yaxşı tanıdacaqdır. Çünki bizim fəaliyyətimizin əsas məqsədi Azərbaycanı, onun zəngin mədəniyyətini, tarixini tanıtmaqdır.

Bu gün sərginin açılışı oldu. Bu sərgi iki həftə Fransada nümayiş olunacaq və inanıram ki, böyük maraq doğuracaqdır.

Mən bir daha sizin hamınıza qonaqpərvərliyinizə, diqqətinizə görə dərin minnətdarlığımı, sizin ölkənizə olan hörmət və məhəbbətimi çatdırıram.

Sonda fürsətdən istifadə edərək sizin hamınızı Azərbaycana dəvət edirəm. Çox sağ olun".

Xəbər lenti

Xəbər lenti