...

Prezident İlham Əliyev Tovuzda "Ayan Palace" hotelinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 12 Aprel 2012 18:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Tovuzda "Ayan Palace" hotelinin açılışında iştirak edib.
Prezident İlham Əliyev Tovuzda "Ayan Palace" hotelinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Tovuzda "Ayan Palace" hotelinin açılışında iştirak edib.

Yeni turizm obyekti ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, inşasına 2008-ci ilin martında başlanılan hotel rayonda ən böyük turizm layihəsidir. "Ayan Palace" zirzəmi qatından, beş mərtəbədən və mansarddan ibarətdir. Hotelin ərazisində kompleks abadlaşdırma işləri aparılıb, müxtəlif dekorativ ağac və kollar əkilib, yaşıllıq zolaqları salınıb.

Prezident İlham Əliyevə bildirildi ki, avanqard arxitektura üslubunda inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksesuarlardan istifadə olunub. Hoteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb, 120 nəfərlik restoran fəaliyyət göstərir. Hotelə bitişik 700 nəfərlik salon da inşa olunub.

Salonla tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin, konfransların keçirilməsi üçün lazımi şərait yaradılıb. Bu salonda, həmçinin müxtəlif ziyafətlərin, təqdimat mərasimlərinin keçirilməsi mümkündür. Salon ən müasir səs və işıq sistemləri ilə təchiz olunub. Hoteldə günün istənilən vaxtında müştərilərə xidmət göstərən 70 nəfərlik bar, müxtəlif ofis və mağazalar da fəaliyyət göstərəcək. Diqqətə çatdırıldı ki, "Ayan Palace" hotelində 65 nömrə var. Nömrələr hotelin 1-5-ci mərtəbələrində yerləşir və ən yüksək standartlara cavab verir. Prezident nömrəsi isə üçüncü mərtəbədə yerləşir.

Otaqlarla tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, burada dünya hotel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcək. Otaqlarda qonaqların istirahəti üçün maksimum şərait yaradılıb. Bütün otaqlar rəqəmli seyf, mini bar, havalandırma sistemləri, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilib. Qonaqlar, eyni zamanda, otaqlardan Tovuz rayonunun gözəl mənzərəsini seyr edə biləcəklər.

Dövlətimizin başçısı turizm obyektinin zirzəmi qatındakı SPA və Sağlamlıq Mərkəzi ilə də yaxından tanış oldu. Bu xidmət sahələri də müasirliyi ilə diqqəti cəlb edir. Ən yüksək şəraitin yaradıldığı mərkəzdə qadın və kişilər üçün fitnes zalları, qapalı hovuz, sauna, türk və fin hamamları, masaj otaqları və hidroterapiya xidməti kabinetləri fəaliyyət göstərəcək. Hoteldə, həmçinin müxtəlif səviyyəli görüşlərin keçirilməsi üçün 40 nəfərlik iclas zalı yaradılıb.

Məlumat verildi ki, hazırda hoteldə 50 nəfər işləyir. İşçilərin 90 faizi rayon sakinidir. Onlara xarici mütəxəssislər tərəfindən kurslar keçirilib. Yaxın aylarda işçilərin sayının 110-a çatdırılması nəzərdə tutulub.

Qeyd olundu ki, "Ayan Palace" hoteli Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə üzbəüz yerləşir. Hotelin qonaqları bu parkda da mənalı istirahət etmək imkanına malikdirlər. Bundan başqa, Tovuz Olimpiya İdman Kompleksi də hotelə yaxın məsafədədir.

Bildirildi ki, "Ayan Palace" hotelinin istifadəyə verilməsi ölkəmizin şimal-qərb bölgəsinə gələn turistlərin sayına da müsbət təsir göstərəcək.

Hotellə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

Xəbər lenti

Xəbər lenti