...

Rəbiyyət Aslanova: Azərbaycanın informasiya məkanını xarici təsirlərdən qorumaq dövlətin prioritet sahələrindəndir

Siyasət Materials 20 Aprel 2012 13:22 (UTC +04:00)
Azərbaycanda ölkənin təhlükəsizliyini təmin etmək, informasiya məkanını xarici təsirlərdən etibarlı şəkildə qorumaq dövlətin prioritet sahələrindəndir.
Rəbiyyət Aslanova: Azərbaycanın informasiya məkanını xarici təsirlərdən qorumaq dövlətin prioritet sahələrindəndir

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda ölkənin təhlükəsizliyini təmin etmək, informasiya məkanını xarici təsirlərdən etibarlı şəkildə qorumaq dövlətin prioritet sahələrindəndir. Trend-in məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, müvafiq texniki, kadr potensialı var və hər hansı müdaxilə əlaqədar strukturlar və mütəxəssislər tərəfindən dəf edilir.

"Bununla belə, son illər olduqca sürətli inkişaf edən sosial şəbəkələr və onların istifadəçilərinin dünyagörüşü, intellektual səviyyəsi zərərli və müsbət tendensiyaları, çağırışları görmək üçün yetərlidir", - Aslanova bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətin milli təhlükəsizliyini təmin edən çoxşaxəli amillərə öz nitqində xüsusi yer ayırıb, informasiya təhlükəsizliyini çox aktual problem adlandırıb.

"Dövlət başçısı nitqində informasiya məkanımız üçün təhdid olan qüvvələrin konseptual mənzərəsini verib, bizə qarşı informasiya müharibəsi aparıldığını vurğulayıb. 2011-ci il sentyabrın 9-da Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşündə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, akademik Ramiz Mehdiyev "Beynəlxalq informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə ümumi yanaşmalar" mövzusunda məruzə ilə çıxış edib", - komitə sədri deyib.

Onun sözlərinə görə, Ramiz Mehdiyev çıxışında bildirib ki, ölkənin firavanlığı və dünya sivilizasiyasında yeri informasiya texnologiyaları sahəsində siyasətin praqmatikliyindən və çevikliyindən asılıdır. İnformasiya məkanının qloballaşması və kütləvi kommunikasiya vasitələri şəbəkəsinin təsiri altında cəmiyyətdə baş verən dəyişikliklər təkcə müəyyən üstünlüklər və mənfəətlərlə məhdudlaşmayıb, həm də sosial-siyasi sahədə informasiya mübarizəsi aparmaq üçün geniş imkanlar açır, bu da öz növbəsində milli və beynəlxalq təhlükəsizliyə təhdid doğurur.

Aslanova vurğulayıb ki, göründüyü kimi, bu vəziyyət milli təhlükəsizlik və ilk növbədə, informasiya təhlükəsizliyi kimi mühüm sahənin problemlərinə ənənəvi yanaşmaların ciddi transformasiyasına gətirib çıxarıb.

"Formalaşmaqda olan yeni informasiya-kommunikasiya mühiti istənilən ölkənin siyasi, iqtisadi və müdafiə təhlükəsizliyinə fəal təsir göstərir. İnformasiyanın artmaqda olan əhəmiyyəti qarşılıqlı informasiya təsiri proseslərinin tənzimlənməsinin təmin olunması üçün dövlətin fəal müdaxiləsini tələb edir. Biz unutmamalıyıq ki, informasiya texnologiyalarının inkişafı artıq bu gün cəmiyyətin həyatının demək olar, bütün sahələrində genişmiqyaslı mənfi nəticələr doğurur", - Aslanova vurğulayıb.

Xəbər lenti

Xəbər lenti