...

Azərbaycan deputatları Şuşanın işğalının 20 illiyi ilə bağlı müzakirələrdə müxtəlif təkliflərlə çıxış ediblər

Siyasət Materials 1 May 2012 14:08 (UTC +04:00)
Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında deputatlar Şuşanın işğalının 20 illiyi ilə bağlı müzakirələrdə müxtəlif təkliflərlə çıxış ediblər.
Azərbaycan deputatları Şuşanın işğalının 20 illiyi ilə bağlı müzakirələrdə müxtəlif təkliflərlə çıxış ediblər

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir M.Əliyev/

Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında deputatlar Şuşanın işğalının 20 illiyi ilə bağlı müzakirələrdə müxtəlif təkliflərlə çıxış ediblər.

Trend-in məlumatına görə, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı çıxışında deyib ki, BMT qətnamələri də, beynəlxalq hüquq da imkan verir ki, Azərbaycan hərbi yolla öz torpaqlarını azad etsin.

Ağamalı bildirib ki, artıq işğal olunmuş əraziləri silah gücünə azad etməyin vaxtı çatıb.

"Bunun üçün Azərbaycanın hər bir imkanı var", - o vurğulayıb.

Deputat Zahid Oruc təklif edib ki, Şuşa Azərbaycanın ikinci paytaxtı olsun.

"Şuşa bizim mədəniyyət paytaxtımızdır, amma onun ikinci paytaxt da elan olması vacibdir", - o deyib.

"Biz bilməliyik ki, bu dönəmdə Azərbaycana gələn təzyiqlər artacaq və buna tək hakimiyyət deyil, bütün xalq qarşı çıxmalıdır. Azərbaycanın müharibə aparmağa 45 milyard dollar pulu var, beynəlxalq imici bir az da artsa, müharibəni uğurla aparmaq şansı əldə edir. Və bəzi dairələr Azərbaycanın bu şansını əlindən almaq üçün fəaliyyət göstərirlər", - Oruc əlavə edib.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı çıxışında bildirib ki, Şuşanın işğal edilməsinə Azərbaycanda vahid idarəçiliyin olmaması səbəb olmuşdu.

"Biz Şuşanın, Qarabağın azad edilməsi istiqamətində güclərimizi birləşdirməliyik. Hər kəz öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirilməlidir", - Qurbanlı deyib.

Deputat Qənirə Paşayeva çıxışında türk dövlətləri, TÜRKPA, İslam Əməkdaşlıq Təşkilatını Şuşanın işğalı ilə bağlı sərt bəyanatlar səsləndirməyə çağırıb. "İslam ölkələri nəinki açıqlama və bəyanatlar versinlər, həmçinin Ermənistanla əlaqələrinə yenidən baxşınlar", - o deyib.

Paşayeva YUNESKO-ya müraciət edərək vurğulayıb ki, Şuşada və Qarabağda xeyli sayda mədəni abidələr məhv edilir. O təklif edib ki, işğal olunmuş torpaqlarla bağlı qanun qəbul olunsun. "Qanunla göstərilsin ki, işğal olunmuş torpaqlara səfər edənlər necə məsuliyyət daşıyırlar", - deputat qeyd edib.

Xəbər lenti

Xəbər lenti