...

Azərbaycan Parlamenti piratçılığa qarşı mübarizəni gücləndirən qanunu qəbul etdi

Siyasət Materials 1 May 2012 15:10 (UTC +04:00)
Azərbaycan Milli Məclisi çərşənbə axşamı keçirilən iclasında "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.
Azərbaycan Parlamenti piratçılığa qarşı mübarizəni gücləndirən qanunu qəbul etdi

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisi çərşənbə axşamı keçirilən iclasında "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.

Trend-in məlumatına görə, qanun layihəsini təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rəfael Cəbrayılov bildirib ki, qanun əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmın edilməsi, əqli mülkıyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayımlanmasının qarşısının alınması ilə bağlı yaranan münasibətləri tənzimləyir.

Qanun layihəsində qeyd olunur ki, əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.

Hüquq sahibinin və ya onun nümayəndəsinin əsaslandırılmış müraciəti olduqda, əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar mülki işə baxan məhkəmə hüquqpozmaya yol verən şəxsdən pirat məhsulların hazırlanmasında (istehsal edilməsində), yayılmasında və əqli mülkiyyət hüquqlarını pozan xidmətlərin göstərilməsində birbaşa, yaxud dolayı yolla iştirak edən üçüncü şəxslər barədə informasiyaların hüquq sahibinə verilməsini cavabdehdən tələb etmək hüququna malikdir.

Məhkəmə pirat və ya kontrafakt məhsulları istehsal edən, saxlayan və yayan, o cümlədən onların satışını həyata keçirən şəxslərin adları və ünvanları, hazırlanan (istehsal edilən), göndərilən, qəbul edilən və ya sifariş olunan pirat və ya kontrafakt məhsulların kəmiyyəti və qiyməti, həmçinin belə malların yayılma kanalları haqqında informasiyaları tələb edə bilər.

Qanuna görə, hüquqpozmaya yol vermis şəxsin əqli mülkiyyətdən qeyri-qanuni istifadə ilə bağlı hərəkətlərinin qanuna zidd olduğunu bilmədiyi halda da məhkəmə hüquq sahibinin çəkdiyi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul etmək hüququna malikdir.

Məhkəmə zərəri müəyyən edərkən hüquq sahibinə məxsus olan əqli mülkiyyətdən qeyri-qanuni istifadə nəticəsində hüquqpozmaya yol vermis şəxsin əldə etdiyi gəlirlər, hüquq sahibinin pozulmuş hüquqlarının bərpası üçün vəkilə ödədiyi haqq da daxil olmaqla çəkdiyi və çəkməli olduğu xərclər, hüquqları pozulmasaydı, hüquq sahibinin ona məxsus olan əqli mülkiyyəti qanuni istifadəyə verəcəyi təqdirdə əldə edəcəyi gəlirləri nəzərə almalıdır.

Məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir.

Xəbər lenti

Xəbər lenti