Azərbaycan, Bakı, 25 may /Trend/
ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə təbrik edib.
"Prezident Obama və Birləşmiş Ştatların adından Azərbaycan xalqına 28 may - Respublika Günü münasibətilə ən xoş arzularımı çatdırmaqdan çox şadam. Yaxın günlərdə baş tutacaq Bakıya səfərimi səbirsizliklə gözləyirəm. Bu səfərdə Azərbaycan üçün çağırış və imkanları, həmçinin, ABŞ-ın hər iki xalqımızın daha parlaq gələcəyinə necə dəstək verə biləcəyini müzakirə etmək üçün fürsətim olacaq", Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən təbrikdə deyilir.
Klintonun təbrikində vurğulanır ki, Azərbaycanda keçiriləcək görüşlər zamanı o, regional təhlükəsizlik və sabitliyin təmin olunması, enerji təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin də iqtisadi və siyasi islahatların gücləndirilməsi sahələrində ABŞ-la Azərbaycan arasında birgə əməkdaşlığın yeni yollarını müzakirə edəcək.
"Mili bayramınızı qeyd edərkən siz onu bilin ki, Birləşmiş Ştatlar sizi dəstəkləyir", deyə təbrikdə qeyd olunur.
Hillari Klintonun Azərbaycana səfəri iyunun 6-da baş tutacaq.