...

Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikası istifadəyə verilib (FOTO)

Siyasət Materials 30 May 2012 14:52 (UTC +04:00)
Mayın 30-da akademik Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikası istifadəyə verilib. Prezident İlham Əliyev tibb müəssisəsinin açılışında iştirak edib.
Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikası istifadəyə verilib (FOTO)

Azərbaycan, Bakı, 30 may /Trend/

Mayın 30-da akademik Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikası istifadəyə verilib. Prezident İlham Əliyev tibb müəssisəsinin açılışında iştirak edib.

Dövlətimizin başçısı poliklinikanın rəmzi açılışını bildirən lenti kəsdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məlumat verdi ki, ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da səhiyyə sistemi özünün ən uğurlu inkişaf dövrünü yaşayır. Muxtar respublikadakı səhiyyə ocaqları ən son tələblərə cavab verən avadanlıqla təchiz edilir. Burada son illərdə müasir tələblər səviyyəsində yaradılan tibb ocaqlarından biri də akademik Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikasıdır.

Bildirildi ki, bu səhiyyə ocağı 1921-ci ildə Naxçıvan şəhər xəstəxanasının nəzdində yaradılıb və ambulatoriya kimi fəaliyyətə başlayıb, 1930-cu ildə isə mərkəzi poliklinikaya çevrilib. 1972-ci ildə isə şəhər xəstəxanasından ayrılaraq Naxçıvan şəhər poliklinikası kimi fəaliyyət göstərib. Poliklinika 1990-cı ildən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır.

Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olub, Zərifə xanım Əliyevanın büstünün və xatirəsinə həsr olunmuş guşənin açılış mərasimində iştirak edib.

Diqqətə çatdırıldı ki, poliklinikanın altımərtəbəli binasında yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün hər cür şərait yaradılıb.

Foyedə akademik Zərifə xanım Əliyevanın büstü qoyulub, həyat və fəaliyyətini əks etdirən maraqlı fotolar, həmçinin tanınmış insanların görkəmli oftalmoloq alim haqqında söylədikləri fikirlər yer alıb. Zərifə xanım Əliyeva haqqında kitablar da böyük maraq doğurur.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, binanın beşinci və altıncı mərtəbələrində yeni yaradılmış stomatoloji mərkəz fəaliyyət göstərir. Burada on kabinet, əməliyyat və rentgen otaqları və protez diş laboratoriyaları var. Mərkəz on stomatoloji qurğu, panorom rentgen, diş rentgeni, müxtəlif avtoklav və sterilizatorlar, lazer müalicə cihazı, diş müayinəsi, cərrahiyyəsi, protez və texniki alət dəstləri, tələbələr üçün yeddi, müəllimlər üçün isə bir fanton masa dəsti və digər avadanlıqla təchiz edilib. Burada 12 həkim, 19 orta tibb işçisi və 20 kiçik tibb işçisi çalışır.

Binanın zirzəmi qatı ilə birlikdə beş mərtəbəsində poliklinika yerləşir. Poliklinikada iki terapiya, cərrahiyyə, rentgen, laboratoriya, ümumilikdə beş şöbə fəaliyyət göstərir. Burada oftalmoloq, nevroloji, ginekoloji, fizioterapiya, stomatoloji, kardioloji, revmatoloji, ultrasəslə müayinə, lor, travmatoloji, yoluxucu xəstəliklər, profilaktik müayinə və herontoloji kabinetləri var. Poliklinikanın binasında aptek, bufet, iclas zalı və sinif otaqları da yaradılıb.

Qeyd olundu ki, poliklinikada Naxçıvan şəhərinin 66,2 min sakininə xidmət göstərən 12 sahə terapevti fəaliyyət göstərir. Poliklinikaya laboratoriya üçün avtoanalizatorlar, rentgen, elektrokardioqrafiya, ultrasəslə müayinə aparatları, lor və cərrahiyyə üçün müayinə, eləcə də cərrahi alətlər dəsti, göz kabineti üçün şirim lampası, binokulyar lupa, oftalmoskop və digər zəruri avadanlıq verilib. Burada 37 həkim, 56 orta tibb işçisi və 31 kiçik tibb işçisi vətəndaşlara xidmət göstərir.

Tibb ocağında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev poliklinikanın kollektivinə uğurlar arzuladı. Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti